Separatçıların  “seçki” təxribatını heç kim qəbul etmədi

Bu, eyni zamanda Azərbaycan diplomatiyasının uğurudur


  Qarabağdakı qondarma rejimin təşkil etdiyi satxa "seçki"nin nəticələrinə görə, keçmiş “dövlət naziri” Samvel Şahramanyan “parlamentdə” 23 səsdən 22-ni toplayaraq “prezident” seçilib. Ermənistan mediasının yazdığına əsasən, Qarabağın yeni “prezidenti” Samvel Şahramanyan bu ilin martında Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin iştirakı ilə ermənilərin nümayəndələri arasında baş tutan görüşdə icmanı təmsil edən şəxslərdən biri olub. Həmin vaxt o, separatçı qurumun “təhlükəsizlik naziri” vəzifəsini icra edirmiş. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib ki, Qarabağda keçirilən “prezident seçkiləri” Azərbaycan qanunlarının, eləcə də beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması faktıdır. Nazir Ceyhun Bayramov dünya ictimaiyyətini beynəlxalq hüquqdan irəli gələn öhdəliklərə uyğun olaraq Azərbaycan ərazisində “seçki” adı altında aparılan bu qanunsuz fəaliyyəti qətiyyətlə pisləməyə çağırıb. Bundan sonra Avropa İttifaqı Qarabağda keçirilən "seçkiləri" tanımadığına dair bəyanat yayıb: "Qarabağ ermənilərinin Bakı ilə nəticəyə yönəlik müzakirələr aparması vacibdir. Aİ bu prosesi dəstəkləməyə davam edəcək". Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld da vurğulayıb ki, London Qarabağ bölgəsində keçirilən qondarma “seçkilər”i tanımır: "Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik". Türkiyənin Xarici İşlər Nazirliyi də qondarma "prezident seçkisi" ilə bağlı məlumat yayıb. Nazirliyin məlumatında bildirilib ki, Azərbaycanın Qarabağ bölgəsində qanunsuz erməni qüvvələrinin nəzarətində olan torpaqlarda keçirilən seçkilər regionda beynəlxalq hüquqa zidd olan mövcud vəziyyəti birtərəfli qaydada legitimləşdirmək cəhdlərinin yeni təzahürüdür: “Bu addım beynəlxalq hüququn, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin və ATƏT-in prinsiplərinin açıq şəkildə pozulmasıdır. Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının davam etdirilməsinə çalışıldığı bir vaxtda keçirilən seçkiləri sülh danışıqlarına xələl gətirmək cəhdi kimi qəbul edir və pisləyirik". Qeyd edək ki, Ukrayna, Moldova, Gürcüstan və Orta Asiya ölkələri də saxta "seçkini" tanımadıqlarını bildiriblər. 
  Politoloq Əlisahib Hüseynov "Sherg.az"a deyib ki, beynəlxalq ictimaiyyətin Qarabağ iqtisadi bölgəsindəki erməni separatçılarının “seçki” təxribatını kəskin pisləməsi təqdirəlayiq haldır. Bu, eyni zamanda Azərbaycan diplomatiyasının uğurudur. Ekspertin sözlərinə görə, qardaş Türkiyə başda olmaqla müttəfiq ölkələrin və Avropa İttifaqının simasında bir sıra nüfuzlu beynəlxalq təsisatların bu təxribatı qınaması separatçılara vurulmuş tutarlı zərbələrdən biridir:

 "Dünya birliyinin bu mövqeyi bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edən, digər tərəfdən suveren ərazilərimizdə separatçı rejimin tör-töküntüləri tərəfindən “prezident seçkiləri”nin keçirilməsini dəstəkləyən riyakar Ermənistanın ümidlərinin üzərindən xətt çəkdi. Dünya birliyinin tanımadığı qondarma rejimi Ermənistan tanımağa cəsarət etməz. Ona görə də Ermənistan bölgədə vəziyyəti daha da gərginləşdirən bu cür təxribatların dəstəkçisi rolunda çıxış etməkdən əl çəkməli və Azərbaycanla münasibətlərin normallaşması prosesinə, sülh gündəliyinə qayıtmalıdır. Qarabağdakı qanunsuz “prezident seçkiləri” ilə bağlı beynəlxalq ictimaiyyətin sərgilədiyi prinsipial mövqe bir daha onu göstərdi ki, beynəlxalq hüquq, həqiqətən də, Azərbaycanın tərəfindədir. Separatçıların Xankəndidə keçirdikləri “seçkilər”in, aksiyaların heç bir hüquqi-siyasi əsası yoxdur. Bu, Azərbaycanın bölgədə separatçılıq hallarının aradan qaldırılması və mülki ermənilərin reinteqrasiyası istiqamətində kompleks tədbirlər həyata keçirməsi üçün əlverişli zəmin yaradır. Regionda sülh və sabitlik üçün əsas təhdid mənbəyi olaraq qalmaqda davam edən erməni separatizminin kökünün qurudulmasına tezliklə hamımız şahidlik edəcəyik".