Paşinyan müharibə olmasın deyə liderlərə yalvarır

İrəvanın yenidən sülh masasına dönməsi yaxın zamanlarda baş verəcək


  Ermənistan Baş naziri Nikol Paşinyan sentyabrın 9-da bir neçə dövlət başçısı ilə əlaqə saxlayıb. Paşinyan zəng etdiyi şəxslərlə Qarabağdakı vəziyyəti müzakirə edib. Baş nazir Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Olaf Şolts və ABŞ dövlət katibi Antoni Blinkenlə telefonla danışıb. Daha sonra Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə də telefon əlaqəsi saxlayıb. Paşinyan İran Prezidenti İbrahim Rəisi ilə də danışıb. Ermənistan baş naziri təmasda olduğu liderlərlə telefon danışığı zamanı rəsmi Bakıya görüşlə bağlı təklif göndərdiyini iddia edib. Prezidentin köməkçisi Hikmət Hacıyev isə deyib ki, Azərbaycan danışıqların aparılması üçün Ermənistandan heç bir təklif almayıb. Rusiyalı politoloq Sergey Markov bildirib ki, Paşinyan əl-ayağa düşüb, qapı-qapı dünya liderlərindən kömək istəyir: "Baydenə də zəng etdi, lakin Bayden onunla danışmaqdan imtina etdi, ona görə də dövlət katibi Blinkenlə danışmalı oldu. Paşinyan Moskvaya zəng etmir. Çünki bilir ki, Moskvada ona - satqın adama nifrət edirlər. Paşinyanın planı sadədir. Öz təxribatları ilə Azərbaycanı Qarabağa qoşun yeritməyə məcbur etmək və Ermənistanın bu məğlubiyyətində Rusiyanı günahlandırmaqdır. Həmçinin Ermənistandakı məyusluqdan istifadə edərək, Ermənistanı Rusiyadan kəskin şəkildə Moskvanın düşmənləri olan Qərbə tərəf çevirməkdir". 
  Millət vəkili Nəsib Məhəməliyev "Sherg.az"a açıqlamasında bildirib ki, Nikol Paşinyanın davamlı şəkildə bir çox dövlət başçılarına zəng etməsi və əsassız iddiaları erməni xislətindən xəbər verir. Deputatın sözlərinə görə, bu həm də, Paşinyanın öz problemlərini ağlaşma yolu və başqalarının əli ilə həll etmək istəyindən irəli gəlir: 

"Biz Paşinyanın utanmadan yalan danışmasına, situasiyadan asılı olaraq tez-tez fikrini dəyişdirməsinə alışmışıq. Sülh tərəfdarı olan şəxs müqaviləni imzalayar, sərhədə qoşun yığmaz, təxribata əl atmaz. Ermənistan baş nazirinin özünü “sülh tərəfdarı” kimi göstərməsi, ermənilərin "sülhpərvər", azərbaycanlıların isə "aqressiv" olduqlarını beynəlxalq aləmə sübut etmək istəyi ilə bağlıdır. Əlbəttə ki, informasiya müharibəsinin tərkib hissəsidir. İrəvanın yenidən sülh masasına dönməsi məsələsinə gəldikdə isə düşünürəm ki, bu, yaxın zamanlarda baş verəcək. Təbii ki, Ermənistan daxilində hakimiyyət dəyişikliyi baş verməzsə. İrəvanın başqa yolu yoxdur".