Paşinyan bir an öncə Moskvadan qurtulmağa çalışır

ABŞ-la təlim birbaşa Qərbdən gələn tələbdir

  Ermənistanın ABŞ ilə birgə təşkil etdiyi hərbi təlimlər başlayıb. Sentyabrın 20-dək davam edəcək təlimlərdə "sülhyaratma missiyaları vaxtı münaqişə tərəfləri arasında sabitləşdirmə tapşırıqları icra olunacaq". Təlimlərə 85 amerikalı, 175 erməni əsgəri qatılacaq. Rusiya bu təlimlərə mənfi reaksiya verib və bir neçə dəfə "narahatlıq" bildirib. Kremlin sözçüsü Dmitri Peskov deyib ki, indiki vəziyyətdə belə təlimlərin keçirilməsi regionda sabitliyin gücləndirilməsi və etimad mühitinə töhfə vermir: "Ermənistanın hansı məqsədlər güddüyünü başa düşməliyik". Kremlin rəsmi nümayəndəsi vurğulayıb ki, problemlər ola bilər, lakin onlar dialoq çərçivəsində həll edilməlidir. Rusiya xarici işlər naziri Sergey Lavrov isə bildirib ki, aqressiv NATO ölkəsinin Cənubi Qafqaza soxulmağa çalışmasında yaxşı heç nə yoxdur: "Amerikalıların dünyada yüzlərlə bazası var. Harada peyda olurlar, bu, heç bir yerdə yaxşılığa gətirib çıxarmır". Rusiya XİN başçısı vurğulayıb ki, Ermənistan rəhbərliyinin fəaliyyəti Rusiyada təəssüf doğurur: “Biz bu barədə demişik. İrəvanın iki ildir ki, KTMT çərçivəsində təlimlərdən imtina etməsini nəzərə alsaq, Ermənistan və ABŞ arasında təlimlər qəribə görünür". Lavrov ümid edir ki, Ermənistanın xarici siyasətində Rusiya ilə müttəfiqlik öhdəlikləri üstünlük təşkil edəcək. Erməni politoloq Aleksandr İskəndəryan deyib ki, Ermənistan-Rusiya münasibətlərində əvvəlki hakimiyyət dövründə də problemlər var idi, lakin Ermənistanın indiki hakimiyyəti daha çox açıq danışır. Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsi fonunda Moskva postsovet məkanında baş verən hər şeydən çox narahatdır". İskəndəryanın fikrincə, indi baş verənlər iki monoloqu xatırladır, yəni tərəflər hazırda bir-birilərini eşitmirlər. Bununla yanaşı, erməni ekspert rəsmi Moskvanı qınamağı unutmayıb və Rusiyanın 2020-ci ildə üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirmədiyini iddia edib.
  “Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları” Mərkəzinin sədri, politoloq Samir Hümbətov "Sherg.az"a açıqlamasında deyib ki, ABŞ və Ermənistan arasında birgə hərbi təlimlərin keçirilməsi qərarı birbaşa Rusiyaya qarşı atılmış addımdır. Ekspert bildirib ki, bu qərar geosiyasi savaşın tərkib hissəsidir: "Ermənistan Baş naziri Nikol Paşinyan bu addımı ilə öz mövqeyini ortaya qoyur, hansı tərəfdə olduğunu göstərir. Bu, birbaşa Qərbdən gələn tələbdir və Paşinyan da bunu icra edir. Çünki Qərbin adamı olması erməni baş naziri bu məsələdə konkret addım atmağa məcbur buraxır. Ermənistanın əsas məqsədi bölgəyə Rusiyadan başqa digər aktorları da cəlb etməkdir. Görünür, Paşinyan bir an öncə Moskvadan qurtulmağa çalışır. Kremlin sərt reaksiyası anlaşılandır, amma buna adekvat cavab veriləcəyi o qədər də asan məsələ deyil. Çünki 2018-ci ildə Qərb Ermənistanda hakimiyyəti elə Rusiyanın əlindən aldı və Nikol Paşinyanı hakimiyyətə gətirdi. Buna rəğmən, Moskvanın müəyyən addımlar atacağı gözləniləndir. Qərb isə hər şəraitdə Paşinyanın arxasında dayanacağını vurğulayır və ona dəstək verəcəyini bəyan edir".