İranlı general Tehrana dönən kimi Bakıdakı toplantı haqda məruzə edəcək

Məhəmməd Əhədi gəldi, getdi

  Azərbaycan Müdafiə Nazirliyi və İranın Silahlı Qüvvələrinin Baş Qərargahı arasında hərbi sahədə əməkdaşlığa dair “Birgə komissiya”nın 3-cü iclası keçirilib. İclasda hərbi sahədə əməkdaşlığın bir neçə istiqamətində münasibətlərin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Son günlər bəzi qüvvələrin əsassız və yalan məlumat yaymaqla ölkələrimiz arasında mövcud olan dostluq və mehriban qonşuluq münasibətlərinə xələl gətirməyə cəhd göstərdiyini diqqətə çatdıran İran Silahlı Qüvvələrinin nümayəndə heyətinin rəhbəri, general-mayor Məhəmməd Əhədi bu baxımdan qarşılıqlı səfərlərin və işçi səviyyəsində keçirilən görüşlərin əhəmiyyətini vurğulayıb. Ölkələrimiz arasında ikitərəfli, regional və beynəlxalq səviyyədə əməkdaşlığın inkişafı üçün yaxşı zəmin olduğu vurğulanıb. Sonda iclasın yekun protokolu imzalanıb.
  Millət vəkili Sahib Alıyev İran İslam Şura Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının keçmiş sədri Müctaba Zünnurinin 2021-ci ildə dediyinə diqqət çəkib. Deputat diqqətə çatdırıb ki, Müctaba Zünnuri parlamentdəki çıxışında Azərbaycanın torpaqlarını işğaldan azad etməsinə görə, az qala sevinc göz yaşları tökdüyündən dəm vururdu. Ancaq aradan 3 ay keçməmiş Tehrandakı çıxışında bəlli oldu ki, Zünnurini işğalçı Ermənistan üzərində qələbəmiz qədər məyus edən heç nə yoxdur: "Maraqlıdır, iranlı general “əsassız və yalan məlumat” deyəndə nəyi nəzərdə tutur? Bakını tərk etməmiş Ermənistana dəstək məqsədilə Azərbaycanla sərhədə qoşun toplanmasını?! Azərbaycanın öz torpaqları üzərində suverenliyini tam təmin edə bilməməsi üçün haylara hər cür dəstək vermələri, Qarabağa göndərilən yanacaq dolu karvanlar, 30-a yaxın təlimçi, Tehrandakı səfirliyimizə qarşı terror aktının təşkili və s. bəlkə bunlar da yalan məlumatdır?! Bizi haqlı olaraq qəzəbləndirən faktlardan biri də torpaqlarımız 30 il işğal altında qalanda səsini çıxarmayanların indi ən yüksək səviyyədə, amma səviyyəsizcəsinə “qırmızı xətt” göstərmələridir. Ermənistan sərhədlərinin dəyişdirilməsinə qətiyyən dözməyəcəklərini demələri və deməklə də qalmayıb, hərəkətə keçmələridir. Məhəmməd Əhədinin bildirdiyi kimi, “bəzi qüvvələr” doğrudan da aramızdakı əlaqələrə xələl gətirirlər. Amma iranlı general Tehrana dönən kimi həmin qüvvələrlə görüşəcək. Nəinki görüşəcək, həm də Bakıdakı toplantı haqda məruzə də edəcək...