Paşinyanın ən çox gözlədiyi zəng...

Yumruq həm də masadadır

Türkiyə regionda vəziyyətin sabitləşməsində əsas aktordur


 Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistan baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub. Ərdoğan və Paşinyan regionda uzunmüddətli sülh və sabitliyin bütün region ölkələrinin inkişafına töhfə verəcəyini qeyd ediblər. Bu istiqamətdə diplomatik səylərini davam etdirəcəklərini vurğulayıblar. Qeyd edək ki, Ərdoğan ötən gün Paşinyanla danışacağını bildirmişdi. Nikol Paşinyan da deyib ki, danışıq çox dolğun və vacib olub: "Qarşılıqlı anlayış var ki, hər zaman müəyyən nüanslar üzərində ünsiyyət olmalıdır". 

Millət vəkili Azər Badamov deyib ki, Türkiyə Prezidenti Ərdoğanın zəngi Paşinyanın ən çox gözlədiyi zəng olub. Deputatın sözlərinə görə, Türkiyə regionda vəziyyətin sabitləşməsində əsas aktordur: "Son günlər Ermənistanın mütəmadi təxribatları və şərti sərhədimizə hərbi birləşmələrini cəmləşdirməsi yenidən müharibə riskini artırıb. Bununla yanaşı, vəziyyəti sabitləşdirmək üçün töhfə verən dairələr də çox azdır. Ermənistana dəstək verənlər od üzərinə neft tökürlər ki, müharibə başlasın və regionda öz maraqlarını təmin etsinlər. Türkiyə isə ədaləti dəstəkləyir və heç kimin haqqının tapdalanmasının tərəfdarı deyil. Ərdoğan telefon zəngində Paşinyana qondarma quruma keçirilən "seçkilərin" qəbuledilməz olduğunu dediyini hesab edirəm. Çünki Ermənistanın separatçı addımları ancaq vəziyyəti gərginləşdirir və yenidən silahların işlənməsini  qaçılmaz edir". 
 
 Parlamentari qeyd edib ki, Nikol Paşinyan separatçı ideyalarından əl çəkməli və Azərbaycanla əldə olunmuş razılaşmalara əməl edərək sülh müqaviləsinin imzalanmasına tələsməlidir: "O cümlədən Ağdam-Xankəndi yolunun açılmasında da Tükiyə Prezidentinin Nikol Paşinyana etdiyi zəngin təsiri olduğunu hesab edirəm. Telefon danışığında da Türkiyə Prezidenti Paşinyanı regionda sabitliyə və əməkdaşlığa aparan siyasəti dəstəkləməyə çağırış edib. Əks halda bu, Ermənistan üçün yaxşı nəticələnməyəcək".
  
Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov da "Sherg.az"a açıqlamasında qardaş ölkə liderinin bu təşəbbüsünü yüksək qiymətləndirib. Analitik diqqətə çatdırıb ki, beynəlxalq təşkilatların və ayrı-ayrı dövlətlərin separatçı rejimin qondarma "seçkilər"ini pisləməsi həm separatçılara, həm də revanşizmə can atan Ermənistana sarsıdıcı zərbə oldu:
 "Dünya siyasətinə real təsir gücünə malik olan nüfuzlu liderlərdən biri Baş nazir Nikol Paşinyana zəng vuraraq, rəsmi İrəvanın Qarabağda keçirilən qondarma "seçkilər"ə dəstəyinin qəbuledilməz olduğunu sərt şəkildə onun diqqətinə çatdırsaydı, effekti daha yüksək olardı. Paşinyan kimi avantürist hökumət başçısını reallıq hissinə qaytarmaq üçün belə addımlar zəruridir. Kimsə Paşinyana barmaq silkələməli və ona öz yerini göstərməlidir. Erməni siyasi elitası Türkiyə prezidentinin bölgə dövlətləri arasında vasitəçi kimi, arbitr kimi önə çıxmasından narahat olursa, bu, onların problemidir. Bu gün bütün bölgə dövlətləri kimi Ermənistan da Türkiyənin mövqeyi ilə hesablaşmağa məcburdur".