Sülh müqaviləsinin imzalanacağı realdır - PROQNOZ

Qarabağ Azərbaycan torpağıdır və yaxın dövrdə bölgə tamamilə nəzarətimizə keçəcək və suverenliyimiz bərpa olunacaq
 
Ermənistan Baş naziri Nikol Paşinyan sərhədimizə ordu yığmasının səbəbinə özünəməxsus formada aydınlıq gətirib. Baş nazir sərhəddə gərginlik olduğunu təsdiqləyib və bunu “Azərbaycanın sərhədə qoşun cəmləşdirməsi” ilə izah etməyə çalışıb. O, “Qarabağ ətrafında da Azərbaycan Ordusunun cəmləşdiyini” iddia edib. Ermənistan müdafiə nazirinin müavini Arman Sarkisyan da Azərbaycanla sərhədə Müdafiə Nazirliyinin təlimatı əsasında ordu yeridildiyini etiraf etmişdi. Sarkisyan da iddia etmişdi ki, dislokasiya təhlükəsini gördükləri üçün genişmiqyaslı müharibəyə mane olmaq məqsədilə şərti sərhədlərə qoşun cəmləyirlər. 
  
Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli "Sherg.az"a deyib ki, son vaxtlar Azərbaycan-Ermənistan şərti sərhədlərində və Rusiyanın nəzarətində olan Qarabağ ərazisində hərbi vəziyyət kifayət qədər kritikləşib. Analitik vurğulayıb ki, sülh danışıqlarının erməni tərəfinin şərti sərhədlərə qoşun və hərbi texnika cəmləməsi, eyni zamanda Qarabağdakı silahlı quldur dəstələrinin silahlandırılması ilə əvəzlənməsi təəssüf doğurur: 
"Xeyli müddət idi ki, İrəvan və Bakı arasında təmaslar davam etdirilir, sülh müqaviləsinin imzalanması yönündə müzakirələr gedirdi. Bu istiqamətdə çoxsaylı görüşlər keçirilmiş, müəyyən məqamlarla bağlı razılaşmalar, irəliləyişlər olmuşdu. Azərbaycan dövləti münaqişənin tam yekunlaşması və sülhün əldə olunması və bölgədə əmin-amanlığın, sabitliyin bərqərar olması üçün bütün zəruri addımları atır. Ermənistanı da buna sövq edərək ərazi bütövlüyünün qarşılıqlı surətdə tanınması üçün səylər göstərir. Ancaq əfsuslar ki, Ermənistan digər məsələlərdə olduğu kimi sülh danışıqlarında da qətiyyən səmimi olmadı və prosesdən uzaqlaşdı. Baş nazir Nikol Paşinyanın bir-birinə zidd açıqlamalar verməsi, rəsmi mövqeyini tez-tez dəyişməsi də İrəvanın sülhdən uzaq olmasından xəbər verir. Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını vurğulayır, amma Qarabağdakı silahlı dəstələrini, qanunsuz birləşmələri bölgədən çəkmir. Bu da baş nazirin qeyri-səmimiliyini göstərir. Paşinyanın sərhədə qoşun yığmasını “Azərbaycanın sərhədə qoşun cəmləməsi” ilə izah etməsi də ikili yanaşmanın, siyasi riyakarlığın təzahürüdür. Azərbaycan Qarabağ ətrafına da ordu yığmır. Qarabağ Azərbaycan torpağıdır və yaxın dövrdə bölgə tamamilə nəzarətimizə keçəcək və suverenliyimiz bərpa olunacaq. Sülhməramlılarla yanaşı, separatizm meylləri də aradan qalxacaq. Ermənistan təxribatlara meyl edir. Regionda marağı olan kənar qüvvələr də çalışırlar ki, münaqişə yenidən alovlansın. Ancaq müharibənin yenidən başlayacağı inandırıcı görünmür. Danışıqların bu və ya digər formada davam edəcəyi, nəticədə sülh müqaviləsinin imzalanacağı daha realdır".