Zurabişvilini  uzaqlaşdırmaq asan olmayacaq - TƏHLİL

Təzyiqlərə və baş verən proseslərə rəğmən, üstünlük indiki qanuni prezidentin tərəfindədir


Gürcüstanın hakim "Gürcü Arzusu" Partiyası Prezident Salome Zurabişvilinin impiçmenti üçün toplanmış imzaları Konstitusiya Məhkəməsinə təqdim edib. Qeyd olunub ki, impiçment təklifi hakim partiyanın sədri İrakli Kobaxidze, eləcə də buna səlahiyyəti olan 4 deputat tərəfindən verilib. Zurabişvilinin vəzifədən kənarlaşdırılmasına dəstək üçün toplanan imzaların Konstitusiya Məhkəməsində qeydə alınması prosesi gedir. Xatırladaq ki, dünən Gürcüstan parlamentinin Prosessual Məsələlər Komitəsi impiçment prosedurunun başlanması üçün toplanmış 80 imzanın həqiqiliyini təsdiqləyib. 
  
Politoloq Tural İrfan "Sherg.az"a açıqlamasında deyib ki, Gürcüstan hakimiyyətində, ümumiyyətlə, Saakaşvilidən sonra hakimiyyət daxilində siyasi gərginlik hökm sürür. Ekspertin fikrincə, burada təbii ki, Rusiya və Qərbin təzadlı təsirlərinin rolu var:
 "Hazırda gedən proseslərdə kənar maraqların təsiri açıq hiss olunur. Prezident Salome Zurabişvili seçilərkən də daxildə, elə onun təmsil olunduğu komanda arasında əks fikirdə olan siyasilər var idi. Gedən siyasi proseslərdə passivlik, islahatların ləngiməsi, eks rəhbər Mixeil Saakaşvili məsələsinin həll olunmaması daxildəki təlatümü daha da gərginləşdirdi. Hazırkı vəziyyətdə hesab edirəm ki, təzyiqlərə və qeyd olunan proseslərə rəğmən, üstünlük indiki qanuni prezidentin tərəfində olacaq. Bununla yanaşı, Zurabişvilinin uzaqlaşdırılmasını tələb edənlərin tələbləri də nəzərdən keçirilə bilər. Hər nə qədər kənar təsirlərin rolu olsa da, Rusiya da daxil olmaqla region ölkələri hazırkı vəziyyətdə Gürcüstanda hansısa siyasi dəyişikliklərin olmasında maraqlı görünmür".