Zəfərimiz Kremlin də planlarını pozub - ANALİZ

Putinin “Qarabağın statusunu İrəvan özü müəyyən edib” cümləsi çox nəsnədən xəbər verir

"Ermənistan rəhbərliyi mahiyyətcə Azərbaycanın Qarabağ üzərində suverenliyini tanıyıb. Praqa bəyanatlarında isə bunu sadəcə olaraq kağız üzərində qeyd ediblər". Bu sözləri Rusiya rəhbəri Vladimir Putin deyib. Kreml rəhbəri bildirib ki, Ermənistan Qarabağın Azərbaycanın bir hissəsi olduğunu tanıyıbsa, danışmağın mənası yoxdur: 

"Bütün problemin əsas komponentini, Qarabağın statusunu Ermənistan özü müəyyən edib. Bütün problem budur. İndi Prezident İlham Əliyev mənə deyir ki, artıq siz bilirsiniz, Ermənistan Qarabağın bizim olduğunu qəbul edib, Qarabağın statusu məsələsi daha mövcud deyil, o, həll olunub. 

Ermənistan rəhbərliyi bunu açıq şəkildə bəyan edərək, Azərbaycan SSR-in 1991-ci ilə qədər olan bütün ərazisini tanıyıb, rəqəmin də (86,6 min kv.km – red.) adını çəkib ki, bura Qarabağ da daxildir. Bu olub və bu, bizim qərarımız deyildi. Bu, Ermənistan hakimiyyətinin qərarıdır. Əgər belədirsə, bizə deyirlər ki, Qarabağla bağlı nəsə etmək istəyirsənsə, indi bizimlə bütün məsələləri ikitərəfli əsasda həll etməlisən. Nə deyək? Əgər Ermənistan özü Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıbsa, burada deməyə söz yoxdur". Rusiya prezidenti sülhməramlı kontingentin taleyindən də bəhs edib: 

"Təbii ki, burada başqa suallar yaranır - humanitar komponent, sülhməramlılarımızın mandatı ilə bağlı – bu, doğrudur. Mandat hələ də qüvvədədir. Lakin humanitar xarakterli, etnik təmizləmənin qarşısını alan məsələlər, təbii ki, aradan qalxmayıb, mən bununla tamamilə razıyam. Ümid edirəm ki, Azərbaycan rəhbərliyi - həmişə bizə dedikləri kimi və indi də deyirlər - heç bir etnik təmizləmənin aparılmasında maraqlı deyil, əksinə, prosesin yumşaq şəkildə baş verməsində maraqlıdırlar”.
  
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib ki, Rusiya Prezidenti Vladimir Putinin “Qarabağın statusunu İrəvan özü müəyyən edib” cümləsi çox nəsnədən xəbər verir:

 "Kreml sahibi dedi ki, Rusiya İkinci Qarabağ müharibəsindən əvvəl Ermənistanın nəzarət etdiyi 5 rayonunun Azərbaycana geri qaytarması müqabilində iki rayon – Kəlbəcər və Laçının faktiki olaraq Ermənistanın və Qarabağın  “yurisdiksiyasında” qalmağını təklif edirmiş. Putinin sözlərinə görə, Ermənistan rəhbərliyi bununla razılaşmayıb. Budurmu Rusiyanın Azərbaycanın ərazi bütövlüyünə olan hörməti? Azərbaycan Kəlbəcər və Laçından niyə imtina etməliydi? Putin çıxışında Şuşanın adını ona görə çəkməyib ki, şəhərimizi ermənilərə “peşkəş” edib. Beləliklə, Putin indiki vəziyyəti Ermənistan hakimiyyətinin yanlış siyasəti ilə əlaqələndirib. Kreml sahibinin “Ermənistan rəhbərliyi mahiyyətcə Azərbaycanın Qarabağ üzərində suverenliyini tanıyıb” cümləsi də bundan xəbər verir. Göründüyü kimi, İkinci Qarabağ müharibəsinin nəticələri Ermənistan və separatçılarla yanaşı Kremlin də planlarını pozub. Vladimir Putin çıxışlarında bircə Rusiya sülhməramlı kontingentinin Azərbaycan ərazisində fəaliyyət müddətinə toxunmaq istəmir".