Fransaya da artıq sübut etmiş olduq

Bundan sonra ermənilərin "aclıq blokadasında qalmışıq" hay-küyünün heç bir mənası qalmır 

"Ermənilərin Azərbaycanın göndərdiyi yardımdan imtina etməsi onların hansısa üçüncü qüvvə tərəfindən idarə edilməsini göstərir". 

Bu barədə "Sherg.az"a açıqlamasında siyasi şərhçi Fuad Abbasov deyib. Analitik bildirib ki, ermənilər ya Fransa, ya da İrandan gələn təlimatlar üzrə hərəkət edirlər: 

"Əlbəttə, burada Fransanın təsir imkanları daha çoxdur. Çünki Fransa daha əvvəl Parisin merini Ermənistan sərhədinə qədər göndərib, Azərbaycan torpaqlarında yeni erməni "dövləti"nin qurulmasına çağırış etməsi ermənilər üçün psixoloji dəstək oldu. Ermənilər bundan ruhlanaraq, ancaq Ermənistandan gələcək yardımı qəbul edəcəkləri ilə bağlı açıqlamalar verdilər. Nəzərə alaq ki, əgər həqiqətən də, bir ananın uşağı iddia edildiyi kimi günlərdir acdırsa, o ana heç vaxt uşaq üçün göndərilən zəruri yardımın kim tərəfindən və hansı yolla gəldiyinə baxmaz. Necə olur-olsun qəbul edər və uşağını yedizdirər. Buradan görünür ki, Qarabağdakı ermənilər iddia edildiyi formada aclıq çəkmirlər. Qoy, onlar Fransadan, İrandan yardım gözləsinlər. Yardım gəlmədiyini görəndən sonra məcbur qalaraq ya Rusiya, ya da Azərbaycanın Qızıl Aypara Cəmiyyətindən göndərilən yardımları qəbul edəcəklər. Ən əsası odur ki, bundan sonra ermənilərin "aclıq blokadasında qalmışıq" hay-küyünün heç bir mənası qalmır. Biz bunu artıq sübut etmiş olduq".