İki dövlət istənilən xarici təhlükəyə qarşı birgə mübarizəyə hazırdır

Generallar təmasdadır

Regionda Azərbaycan və Türkiyə faktoru mövcuddur

  Azərbaycan müdafiə nazirinin birinci müavini - Ordunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Türkiyədə rəsmi səfərdə oldu. Kərim Vəliyev Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Metin Gürakın dəvəti ilə qardaş ölkəyə səfəri çərçivəsində Türkiyənin hərbi rəhbərliyi ilə bir sıra görüşlər keçirdi. Səfər çərçivəsində hərbi, hərbi-texniki, hərbi təhsil və bir sıra digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olundu.
  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov "Sherg.az"a açıqlamasında deyib ki, Türkiyə ilə hərbi əməkdaşlığın daha da inkişaf etdirilməsi, dərinləşdirilməsi Azərbaycan üçün hər zaman aktual olan məsələdir. Ekspert xatırladıb ki, 2021-ci ilin 15 iyun tarixində Azərbaycanla Türkiyə arasında Şuşa Bəyannaməsi imzalanıb:

"Bununla da iki ölkə arasında hərbi əməkdaşlıq əlaqələri mahiyyət etibarı ilə yeni mərhələyə yüksəlib. Azərbaycan və Türkiyə arasında çox geniş və əhatəli hərbi əməkdaşlıq mövcuddur. Bu əməkdaşlıq gələcək baxımından böyük perspektiv vəd edir. Türkiyə dünya miqyasında böyük hərbi sənaye kompleksinə malik olan, davamlı şəkildə öz hərbi sənaye imkanlarını artıran dövlətdir. Müasir PUA-ların, döyüş ləvazimatlarının, raket və digər vasitələrin istehsalı baxımından Türkiyə çox böyük uğurlar əldə etməkdədir. Türkiyə istehsalı olan hərbi məhsullara dünya bazarında öz analoqları ilə çox uğurla rəqabət aparır. Öz hərbi sənaye potensialını genişləndirən Azərbaycan üçün Türkiyənin bu təcrübəsindən yararlanmaq olduqca vacibdir. Bundan başqa, Azərbaycanın hərbi yetkililəri dəfələrlə bəyan ediblər ki, ordumuz türk ordu modelinə keçid etməkdədir. Buna səbəb türk ordu modelinin müasir tələblərə daha yaxşı cavab verməsidir. Bu istiqamətdə də ölkəmiz mühüm addımlar atır".
  C.Xəlilov vurğulayıb ki, Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının siyasi önəmi də çox böyükdür: "Bu əməkdaşlıq bölgədəki separatçılara, terrorçulara, habelə bu qüvvələri himayə edən müxtəlif dövlət və güclərə xatırladır ki, regionda çox güclü iki dövlət - Azərbaycan və Türkiyə faktoru mövcuddur. İki dövlət istənilən xarici təhlükəyə qarşı birgə mübarizəyə hazırdır. Yəni Azərbaycanla Türkiyə arasındakı müttəfiqlik əlaqələri, hərbi əməkdaşlıq siyasi baxımdan da anti-türk qüvvələri üçün çəkindirici təsir göstərir. Bunu 2020-ci ilin Vətən müharibəsində praktik şəkildə gördük. O baxımdan hesab edirəm ki, Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq hər iki qardaş ölkənin milli maraqlarına, ümumtürk maraqlarına, eləcə də ümumbəşəri maraqlara uyğundur. Bundan sonra da uğurla inkişaf edəcək".