Ağdam-Xankəndi yolu artıq işlək vəziyyətdədir və tam təhlükəsizdir

İlk yardım karvanını ruslar apardı

Azərbaycan Qırmızı Aypara Cəmiyyətinin də yardımları məhz bu yolla ermənilərə çatdırılmalıdır

  Rusiya Qırmızı Xaç Cəmiyyəti tərəfindən Qarabağdakı ermənilər üçün göndərilən ərzaq və qeyri-ərzaq dolu yük maşını Ağdam yolu ilə Xankəndiyə çatdırıldı. Beləliklə, uzun illərdən sonra Ağdam-Xankəndi yolu açıldı və işlək vəziyyətə düşdü. Xatırladaq ki, Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən göndərilən humanitar yük Xankəndiyə keçmək üçün sentyabrın 9-dan Bərdədə gözləyirdi. Qızıl Aypara Cəmiyyətinin baş katibi Ceyhun Mirzəyev deyib ki, ərzaq dolu humanitar yük Xankəndiyə çatıb və yük müvafiq anbara boşaldılıb. Azərbaycan Xarici İşlər Nazirliyi də vurğulayıb ki, Qarabağ bölgəsində qondarma rejim tərəfindən təxribatların törədilməsinə baxmayaraq, Ağdam-Xankəndi yolunun fəaliyyətə başlaması müsbət addım və mühüm irəliləyişdir. Həmçinin diqqətə çatdırılıb ki, Azərbaycan tərəfi Ağdam-Xankəndi yolu ilə paralel olaraq, Laçın sərhəd-buraxılış məntəqəsində müvafiq olaraq sərhəd və gömrük prosedurlarına əməl etməklə BQXK vasitəsilə yüklərin daşınmasına şərait yaratmağa hazırdır. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel də yolun açılmasını alqışlayıb. Aİ-nin bəyanatında vurğulanıb ki, Ağdam-Xankəndi marşrutunun açılması Laçın yolunun paralel istifadəsinə kömək edəcək mühüm addımdır: "Bu, yerli əhalinin müntəzəm ərzaq təminatının bərpasına təkan verəcək”. Şarl Mişel həmçinin Bakı ilə Qarabağda yaşayan ermənilər arasında dialoqun qurulması, barışıq səyləri və ümumilikdə Ermənistan-Azərbaycan sülh prosesi daxil olmaqla, daha konkret addımların atılacağına ümid etdiyini bildirib. Bəyanatda qeyd olunub ki, Aİ rəhbəri Azərbaycan və Ermənistan liderləri ilə təmasları davam etdirir. Əlavə edilib ki, Ş.Mişel G20 sammiti çərçivəsində Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla da danışıqlar aparıb.
  Siyasi şərhçi Qulamhüseyn Əlibəyli deyib ki, Ağdam-Xankəndi yolu ilə ilk yardımın çatdırılması separatçıların "humanitar yardımlar mütləq Ermənistandan, özü də Laçın yolu ilə gəlməlidir" tələbini iflasa uğratdı. Ekspertin sözlərinə görə, separatçıların "yardımlar ancaq Laçın yolu ilə gəlməlidir" israrı mənasız olmaqla yanaşı, həm də problem yaratmaq, beynəlxalq aləmin diqqətini bölgəyə çəkmək məqsədi güdürdü:

"Qarabağ erməniləri üçün humanitar yardım Ermənistanla yanaşı, Azərbaycan, Rusiya və başqa ölkələrdən də gələ bilər. Təbii ki, Azərbaycanın nəzarətindən keçmək və yoxlanılmaq şərti ilə. Ağdam-Xankəndi yolunun açılması "humanitar fəlakət" şousunun da tamamilə aradan qalxması ilə nəticələnəcək. Əgər ermənilərin iddia etdiyi kimi Xankəndidə həqiqətən aclıq olsaydı, yardımların hansı yollarla və kim tərəfindən gəlməsi əhəmiyyət kəsb etməzdi. Ermənistan və separatçılar Azərbaycanın dövlət iradəsini sındırmaq, rəsmi Bakıya təzyiq göstərilməsinə nail olmaq məqsədilə dirəniş göstərirlər. Rusiya da maraqlı idi ki, yaranmış problem məhz onun iştirakı ilə həllini tapsın. Ona görə də ilk yardım karvanı ruslara məxsus olmalıydı".
   "Separatçılardan razılıq gözləməyə ehtiyac yoxdur. Ağdam-Xankəndi yolu artıq işlək vəziyyətdədir və tam təhlükəsizdir. Təbii ki, rəsmi Bakı dəfələrlə ifadə edib ki, Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti Laçın yolu ilə də paralel olaraq humanitar yardımları keçirə bilər. Hər iki yolun eyni anda işləməsi mümkündür. Ermənistan özünü "sülh göyərçini" kimi təqdim etməyə çalışır. Nikol Paşinyan bir gündə bir neçə dövlət başçısına zəng edərək, rəsmi Bakıya görüşlə bağlı təklif göndərdiyini iddia edir. Lakin bununla yanaşı, ermənilərin təxribatları da səngimir".