Erməni separatizminə son veriləcək - Bu tarixədək...

Rusiya Qarabağla bağlı Azərbaycanın gündəliyini qəbul etmək məcburiyyətində qalıb

“Bir müddət sonra Azərbaycan dövlət nümayəndələrinin erməni sakinlərlə dialoqu baş tutacaq”

  "Bu ilin sonunadək Azərbaycan ərazisində erməni separatizminə son veriləcək". Bu sözləri politoloq Məhəmməd Əsədullazadə deyib. Ekspert bildirib ki, Rusiya Qarabağla bağlı Azərbaycanın gündəliyini qəbul etmək məcburiyyətində qalıb: "Ağdam-Xankəndi yolu açıldı və Moskva bəyan etdi ki, Qarabağın "statusu" olmayacaq. Ermənistan Baş naziri Nikol Paşinyan Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Rusiya 2025-ci ildə Qarabağdan getməli olacaq. Bunun hazırlığı kimi müxtəlif bəyanatlar verilir. Amma arxayın olmamalıyıq və Xankəndi və ətrafında de-yure nəzarəti tam bərpa etməliyik. Rusiya tərəfi anlayır ki, Azərbaycan prosesi uğurla apararaq milli təhlükəsizliyini və suverenliyini ciddi şəkildə müdafiə edəcək".
  Həmsöhbətimiz vurğulayıb ki, Laçın yolunda nəzarət-buraxılış məntəqəsi qurulduqdan sonra, Rusiyanın Qarabağla bağlı siyasətinə ciddi zərbə dəydi: "Halbuki, Kreml çalışırdı ki, Laçın yolu əvvəlki vəziyyətində davam etsin və Qarabağın "statusu" gələcəyə saxlanılsın. Laçın yolunda postun qurulması həm də Qarabağda separatizmin heç bir perspektivinin olmadığını ortaya qoydu. Bir müddət sonra Azərbaycan dövlət nümayəndələrinin erməni sakinlərlə dialoqu baş tutacaq. Xankəndidə qondarma "parlament" və digər "institutlar" buraxılacaq. Həmçinin silahlı erməni birləşmələri də tərksilah olacaq".