Sülh müqaviləsinin mətni İrəvandadır

Cavab gözləyirik

“Ermənistanın sülh təklifləri paketlərini ötür-ötür oyununa çevirməsi problemin həllinə yox, vaxt qazanmağa hesablanıb”


İrəvan sülh müqaviləsi üzrə Bakıdan yeni təkliflər alıb. Bu barədə Ermənistan XİN rəhbəri Ararat Mirzoyan bildirib. O deyib ki, İrəvan bundan əvvəl sülh müqaviləsinin mətninə düzəlişlərin 5-ci paketini Azərbaycan tərəfinə təqdim edib: “Proses gedir, müzakirələr də həmçinin. Təəssüf ki, tərəflərin mövqelərinin hələlik bir-birindən uzaq olduğu vacib məsələlər var”. Ermənistanın Baş nazir Nikol Paşinyan da hökumətin iclasında deyib ki, İrəvan uyğun müddətdə sülh müqaviləsinin mətni ilə bağlı şərhlərini Azərbaycana təqdim edəcək. O qeyd edib ki, ötən gün mətnin yeni şərhləri Bakıdan İrəvana çatdırılıb. Paşinyanın sözlərinə görə, sülh region ölkələrinin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə təminat verə biləcək yeganə amildir: 

“Bu baxımdan, Qarabağda humanitar böhranın aradan qaldırılması aktual vəzifə olaraq qalır və Ermənistan bu istiqamətdə bütün səylərini göstərəcək”. Eyni zamanda Paşinyan sərhəddə vəziyyətin gərgin olaraq qaldığını vurğulayıb. O, Azərbaycanı guya, Ermənistanla sərhəd boyunca və Qarabağdakı təmas xəttinə qoşun, eləcə də texnika yığmaqda ittiham edib. Baş nazir xatırladıb ki, Rusiya tərəfindən göndərilən humanitar yardım partiyası Xankəndiyə çatıb, lakin bir avtomobil vəziyyətə ciddi təsir göstərmək iqtidarında deyil. Ermənistanın hakim “Vətəndaş müqaviləsi” Partiyasının katibi Artur Hovhannisyan isə vurğulayıb ki, İrəvan və Bakının sülh müqaviləsi layihəsi üzrə hələlik razılığa gələ bilmədiyi məqamlar var. Partiya katibinin sözlərinə görə, həmin məqamlar arasında ərazi bütövlüyünün qarşılıqlı tanınması, Qarabağ sakinlərinin hüquqlarının və təhlükəsizliyinin təmin edilməsi, Ermənistanın suverenliyinin qorunması yer alır. 
  
Politoloq Natiq Miri "Sherg.az"a açıqlamasında bildirib ki, sülh təkliflərinin verildiyini Ermənistan rəsmiləri təsdiqləsə də, ardınca qeyd etdilər ki, fundamental məqamlarla bağlı ciddi fikir ayrılıqları var. Ekspertin sözlərinə görə, strateji məsələlərlə bağlı mövqelər çox uzaqdır:
 "Bu məqamlar Ermənistanın verəcəyi cavabı əvvəlcədən müəyyənləşdirir. Strateji və ən öndə duran məsələ ilk növbədə Qarabağdır. Münaqişənin əsas səbəbi də məhz Qarabağ məsələsidir. Ermənistan Qarabağ ermənilərinin "hüquq və təhlükəsizliyi" məsələsini qabardaraq Xankəndinin "müstəqil tərəf" olaraq Bakı ilə dialoq aparmasını istəyir. Əslində dəyişən heç nə yoxdur və İrəvan eyni tələblərlə çıxış edir. Ermənistanın sülh təklifləri paketlərini ötür-ötür oyununa çevirməsi problemin həllinə yox, vaxt qazanmağa hesablanıb. Hansısa cümlənin dəyişik formada ifadə olunması Ermənistanın mövqeyində dəyişiklik anlamına gəlmir. Bununla sülh müqaviləsinin mətnini hazırlamaq və imzalamaq qeyri-mümkündür. Qarabağ məsələsində fikirlər haçalanır. Ermənistan tələb edir ki, Qarabağ ermənilərinin "hüquq və təhlükəsizliyi" ilə bağlı ciddi qarant olmalıdır və bu məqam sülh sənədində qeyd olunmalıdır. Azərbaycan isə haqlı olaraq bunu qəbul etmir. Qarabağ məsələsi müzakirə predmetinə çevrilə bilməz. Bu məsələ Azərbaycanın daxili işidir. Qarabağın Ermənistana nə aidiyyəti var?".

N.Miri diqqətə çatdırıb ki, Azərbaycan Qarabağda suveren hüquqlarını bərpa etməlidir:

 "Rusiya, Fransa, Avropa və ABŞ öz oyunlarını oynayır. Bu platformalarda Qarabağ probleminin həlli yoxdur, ola da bilməz. Çünki heç bir güc mərkəzi Qarabağ yarasının birdəfəlik sağalmasını istəmir. "Zəif bənd" olan Qarabağ məsələsindən istifadə etməklə prosesdə öz varlıqlarını təmin etməyə çalışırlar. Bununla da tərəflərə təzyiq mexanizmlərini saxlamağa səy göstərirlər. Birtərəfli qaydada hərbi-siyasi hadisə yaratmalıyıq ki, proseslərin önü açılsın".