Zurabyanın açıqlaması ziddiyyətlərlə doludur

O, əslində Baş nazir Nikol Paşinyanı deyil, öz lideri Levon Ter-Petrosyanı zərbə altına qoyur

Ermənistanın müxalifət təmsilçiləri Baş nazir Nikol Paşinyanı sərt şəkildə tənqid edərkən, irəli sürdükləri arqumentlərlə özlərini dolaşdırıblar. Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın lideri olduğu Erməni Milli Konqres Partiyasının sədr müavini Levon Zurabyan Paşinyanı 1991-ci il Almatı bəyannaməsini tez-tez hallandırmaqla sənədlə manipulyasiyada ittiham edib: “Paşinyan iddia edir ki, Levon Ter-Petrosyan 1991-ci ildə Almatı bəyannaməsinə imza atmaqla Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanıyıb. Paşinyan Levon Ter-Petrosyanın həmin illərdə verdiyi müsahibəsinə istinad edərək birinci prezidentin Dağlıq Qarabağa Azərbaycan tərkibində geniş muxtariyyətə razılaşdığını bildirib. Bunlar yalandır. Levon Ter-Petrosyan ərazi bütövlüklərinin keçmiş muxtariyyətlərə dəxli olmadan bəyanatı imzalayıb”. 

Zurabyan yalan danışdığını sonrakı cümləsində etiraf edib: “Levon Ter-Petrosyan 1992-ci ildə Rusiyanın “Komsomolskaya qazeta” nəşrinə verdiyi müsahibədə yüksək muxtariyyətin Dağlıq Qarabağa və Azərbaycana faydalı olduğunu bildirmişdi. Ancaq bu müsahibədən 2 ay sonra “erməni ordusu” Şuşanı “azad” etdi. Bu əməliyyat Ermənistan hakimiyyəti ilə razılaşdırılmışdı. Levon Ter-Petrosyan müsahibəsiylə əməliyyatın informasiya dəstəyini gücləndirmişdi”. 
  Politoloq Elxan Şahinoğlu "Sherg.az"a bildirib ki, Zurabyan bu açıqlaması ilə Baş nazir Nikol Paşinyanı deyil, öz lideri Levon Ter-Petrosyanı zərbə altına qoyur:

 "Levon Ter-Petrosyan Şuşanın işğalından iki ay əvvəl hansı məntiqlə Azərbaycanın ərazi bütövlüyünü tanımaqla separatçılara informasiya dəstəyi verib? Şuşanın işğalından bir gün əvvəl Levon Ter-Petrosyan hansı məntiqlə Qarabağ münaqişəsinin nizamlanmasıyla bağlı Tehranda Azərbaycanla sazişə imza atıb? Zurabyanın məntiqi ilə çıxış etsək, Levon Ter-Petrosyan Tehrandakı sazişi də Şuşanın işğalından “diqqəti yayındırmaq” üçün imzalamışdı. Əslində separatçılar Levon Ter-Petrosyanla deyil, Rusiyadakı mərkəzlərin təlimatıyla hərəkət edirdilər. Əks halda həmin separatçılar Levon Ter-Petrosyanı devirib Ermənistana da nəzarəti ələ keçirməzdilər".