Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında yeni bir səhifə açılır - ŞƏRH

Türk yolu uzun yoldur

Artıq region dövlətlərinin iqtisadiyyatlarının ümumi real həcmi 1 trilyon 412 milyard dollara çatıb

  Sentyabrın 14-də Düşənbədə Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşü keçirildi. Azərbaycan Prezidenti İlham Əliyev görüşdə fəxri qonaq qismində iştirak etdi. Onu da qeyd edək ki, Mərkəzi Asiya dövlət başçılarının Məşvərət görüşlərinin keçirilməsi təşəbbüsü 2017-ci ildə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən irəli sürülüb. Birinci görüş Qazaxıstanda, ikinci görüş Özbəkistanda, üçüncüsü Türkmənistanda, dördüncüsü isə Qırğızıstanda keçirilib. Prezident İlham Əliyev çıxışında vurğulayıb ki, Azərbaycan Mərkəzi Asiya ölkələri üçün etibarlı tranzit ölkəsidir. Dövlət başçısı ölkələrimiz arasında əməkdaşlığın yeni sahəsinin fiber-optik infrastrukturun yaradılmasına yönəlmiş "Rəqəmsal İpək Yolu" layihəsinin olduğunu söyləyib. Əks istiqamətdə də tranzitin əhəmiyyətinin az olmadığını diqqətə çatdıran ölkə rəhbəri qeyd edib ki, Azərbaycanın bütün nəqliyyat-logistika infrastrukturu onlar üçün açıqdır. Vurğulamaq lazımdır ki, rəsmi və işgüzar görüşlərində, müxtəlif beynəlxalq tribunalardan etdiyi çıxışlarında Azərbaycanın milli və dövlət maraqlarını daim ifadə edən Prezidentin siyasi uzaqgörənliyi, diplomatik gedişləri ölkəmizin mövqelərini davamlı olaraq gücləndirir. Ölkə Prezidenti Azərbaycanın dövlət siyasətini milli maraqlar çərçivəsində beynəlxalq siyasi və iqtisadi proseslərlə uzlaşdırır. Konstruktiv, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan, regional və qlobal miqyasda sabitliyə xidmət edən siyasi xətt yürüdür. Dövlət başçısının son illər müxtəlif beynəlxalq tədbirlərə xüsusi qonaq qismində dəvət olunması da Azərbaycanın artan nüfuzunun və beynəlxalq aləmdə böyüyən rolunun əyani göstəricisidir. Son illər Azərbaycan Mərkəzi Asiya ölkələri ilə əlaqələrin inkişafının yeni mərhələsinə qədəm qoyub. Ölkəmizin dünyada artan nüfuzu sayəsində bir çox dövlətlər Azərbaycanla əməkdaşlığa can atır və onların arasında Mərkəzi Asiya dövlətləri önəmli yer tutur. Son bir il ərzində Azərbaycan Prezidentinin Mərkəzi Asiya ölkələrinə ardıcıl səfərləri xüsusilə diqqət çəkir. Bu münasibətlərin inkişaf etməsi isə təkcə Azərbaycan və Mərkəzi Asiya ölkələri üçün deyil, həm də bütün Türk dünyası üçün mühüm əhəmiyyət daşıyır. İstər regionda, istərsə də dünyada baş verən geosiyasi proseslər dövlətləri birgə əməkdaşlığa səsləyir. Qarşılıqlı səfərlər zamanı imzalanan sənədlər ölkələrimiz arasında münasibətlərin perspektivlərini müəyyənləşdirir. Mərkəzi Asiyanın dost ölkələrindən olan Azərbaycanla Tacikistan arasında münasibətlərin tarixi uzaq əsrlərə təsadüf edir. Keçmiş ittifaq dövründə iki respublika arasında yaxşı münasibətlər qurulub. Tacikistanda təxminən 4 min nəfərə yaxın Azərbaycan diasporu fəaliyyət göstərir. Tərəflər arasında ikitərəfli siyasi münasibətlər müstəqillikdən sonra daha sıx və intensiv xarakter alıb. 2007-ci ilin avqust ayında Azərbaycanın Tacikistanda, 2008-ci ildə isə Tacikistanın ölkəmizdə səfirliyi fəaliyyətə başlayıb. Prezident İlham Əliyevin Tacikistanla münasibətlərə xüsusi önəm verməsi də əlaqələrin yüksələn xətt üzrə inkişafını təmin edib. Azərbaycan və Tacikistan mühüm nəqliyyat marşrutlarının üzərində yerləşməklə TRASECA nəqliyyat dəhlizində təmsil olunur. Eyni zamanda bölgədə yaradılmış nəqliyyat-logistika infrastrukturundan birgə istifadə edir. Xüsusilə də yeni İpək Yoluna inteqrasiya olunmaqla iqtisadi-siyasi əlaqələrin keyfiyyətini daha da zənginləşdirir. 2022-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 6 milyon dolları ötüb. Bu il Düşənbədə Tacikistan-Azərbaycan İnvestisiya Forumunun keçirilməsi də investisiya və ticarət potensialının daha da artırılmasını hədəfləyir.
  Millət vəkili Vüqar Bayramov "Sherg.az"a açıqlamasında deyib ki, Mərkəzi Asiya dünyada sürətlə inkişaf edən regionlardan hesab olunur. Deputatın sözlərinə görə, artıq region dövlətlərinin (5+1) iqtisadiyyatlarının ümumi real həcmi 1 trilyon 412 milyard dollara çatıb:

"ÜDM-nin həcmi Qazaxıstanda 604,551 milyard, Özbəkistanda 420, Azərbaycanda 189,9 milyard dollar, Tacikistanda isə 37,235 milyard dollardır. Bu, regionun artan iqtisadi gücünün göstəricisi olmaqla yanaşı, bölgənin strateji mövqeyinin gücləndiyini xarakterizə edən indikatordur. İclasa Azərbaycanın da dəvət olunması ölkəmizə olan inam və etimadın nəticəsidir. Son illər Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında münasibətlərin kifayət qədər dərinləşməsi müşahidə olunur. Ölkələr fərqli beynəlxalq və regional platformalarda qarşılıqlı dəstək nümayiş etdirirlər. Prezident İlham Əliyev çıxışında region üçün bir sıra vacib məqamlara toxundu. Nəqliyyat və logistika sahəsində region ölkələrinin əməkdaşlıq imkanları kifayət qədər yüksəkdir. Ölkə Prezidenti məhz bu kontekstdə Azərbaycanın bütün nəqliyyat-logistika infrastrukturunun qardaş dövlətlər üçün açıq olduğunu bir daha bəyan etdi. Digər tərəfdən, Azərbaycan beynəlxalq yükdaşımaların artırılması üçün həm infrastrukturun inkişaf etdirilməsi, həm də institusional dəyişikliklər sahəsində fəaliyyətləri gücləndirib. Bakı Ticarət Limanının imkanları 15 milyon tondan 25 milyon tona qədər artırılır. Bu, Azərbaycan daxil olmaqla region üzərindən daha çox yüklərin daşınmasına imkan verəcək. Bütövlükdə, Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında yeni bir səhifə açılır. Bu, strateji əməkdaşlıq və qardaşlığın daha da dərinləşməsinə xidmət edəcək".