Azərbaycanın əsəbi ilə oynayırlar: Antiterror əməliyyatı olacaq? - ŞƏRH

“Ondan sonra Qarabağda Azərbaycan əleyhinə cinayətlərdə iştirak etməmiş mülki ermənilər ölkə vətəndaşı kimi rahat şəkildə həyatlarını davam etdirə biləcəklər"

  "Ermənilər öz xislətlərinə uyğun yeni təxribat metodlarına əl atırlar". Bunu Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov deyib. Hüquq müdafiəçisi bildirib ki, təxribatlarla Azərbaycana təsir göstərmək mümkün deyil: 

"Davamlı, bəzən də mənəviyyata zidd təxribatlarla sadəcə olaraq erməni mahiyyəti növbəti dəfə özünü ifşa etmiş olur. Məsum heyvanın üzərinə partlayıcı bağlamaq və onu Azərbaycan əsgərləri tərəfə göndərmək, reinteqrasiya prosesindən və humanitar yardımlardan danışıldığı bir vaxtda yolları gizlicə minalamaq da ermənilərin əsl mahiyyətini üzə çıxarır. Ermənilər o qədər çıxılmaz vəziyyətə düşüblər ki, hər cür çirkin üsullara əl atırlar. Hələ də müharibə cinayətlərini davam etdirirlər. Dərk etmirlər ki, bunlar hansısa nəticə verməyəcək, tam əksinə elə özlərinin vəziyyətini daha da gərginləşdirəcək. Belə davam edərsə, Azərbaycan Ordusunun antiterror əməliyyatına başlaması, separatçıların mağarasını, son sığınacaqlarını məhv etməsi qaçılmaz olacaq".
  Ə.Şahidov vurğulayıb ki, hərbi əməliyyatlara başlamaq suveren hüququmuzdur: "Ölkə ərazisindəki bütün terrorçular zərərsizləşdirilməlidir. Söhbət lokal müstəvidə qısamüddətli və çox sürətli antiterror əməliyyatlarından gedir. Yaxın zamanlarda bunun şahidi olacağıq. Ondan sonra Qarabağda Azərbaycan əleyhinə cinayətlərdə iştirak etməmiş mülki ermənilər ölkə vətəndaşı kimi rahat şəkildə həyatlarını davam etdirə biləcəklər".