BMT-ni genişləndirmək çətin görünür - ŞƏRH

Üzvlərin sayının artırılması və namizədlər məsələsində ciddi ixtilaflar mövcuddur
  
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və nümayəndə heyəti ABŞ-də səfərdədir. Ərdoğan ABŞ-yə səfəri çərçivəsində BMT-nin 78-ci Baş Assambleyasına qatılacaq. Səfər çərçivəsində Ərdoğan artıq bəzi görüşlər keçirib. Türkiyə Prezidenti Gürcüstan Baş naziri İrakli Qaribaşvili ilə görüşüb. Görüş zamanı Ərdoğan iki ölkə arasında ikitərəfli ticarətin həcminin 5 milyard dollara çatdırılmasını təklif edib.

 Orta Dəhlizin həyata keçirilməsinin vacibliyini vurğulayan Prezident Ərdoğan Gürcüstanda Fətullah Gülənin məktəblərinin bağlanmasının və aktivlərinin dondurulmasının vacibliyini vurğulayaraq, gürcü tərəfinin bu istiqamətdə atdığı addımları yüksək qiymətləndirib. Ərdoğan Türkiyə-Amerika Milli Rəhbər Komitəsinin Nyu-Yorkda təşkil etdiyi şam yeməyində də iştirak edib və açıqlamalar verib. 

O deyib ki, Ukraynadakı münaqişənin sülh yolu ilə həllindən uduzanlar olmayacaq. Ərdoğan Türkiyənin regional və qlobal böhranların həllində artan rolunu vurğulayaraq, ölkənin diplomatik nailiyyətlərindən danışıb: 
“Biz müharibədə qalibin, sülhdə isə uduzanın olmadığına inanaraq çoxşaxəli səylərimizi davam etdiririk”. Türkiyə rəhbəri ahıska türkləri ilə də bir araya gəlib. Ərdoğan vurğulayıb ki, ahıska türklərinin rahatlığını və rifahını öz vətəndaşlarımızdan ayrı görmür: "Onların illərdir həsrətində olduqları Türkiyə vətəndaşlığını əldə etmələri üçün lazımi addımları atır, prosesləri sürətləndiririk. Ahıska türklərini ən çox qoruyan, onların məsələlərini çox yaxından izləyən hökumət bizik. 2022-ci ildən etibarən Daxili İşlər Nazirliyimizin dəstəyi, səfirliklərimiz, baş konsulluqlarımız və Dünya Ahıska Türkləri Birliyinin töhfələri ilə 820 soydaşımız Türkiyə vətəndaşlığını qəbul edib. Prosedurları davam edən 578 soydaşımız üçün işimizi qısa zamanda yekunlaşdıracağıq. Ahıska türklərinin yaşadıqları ölkələrdə kimliyini, dilini, dinini və mədəniyyətini qorumaq bizim prioritetlərimizdəndir. Bu istiqamətdəki işlərə töhfə verməyə davam edəcəyik. İndiyə qədər etdiyimiz kimi Ahıska türklərinin yanında olmağa davam edəcəyik".
 
 "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib ki, Ərdoğanın Nyu-Yorka səfərinin əsas məqsədi BMT Baş Assambleyasında edəcəyi çıxışdır. Ekspertin sözlərinə görə, böyük ehtimalla Ərdoğan çıxışında yenə “dünya beşdən böyükdür” tezisini təkrarlayacaq: 

"Ərdoğan BMT Təhlükəsizlik Şurası daimi üzvlərinin sayının artırılmasını istəyir. Türkiyə ilə yanaşı Braziliya, Hindistan, Yaponiya, Almaniya kimi ölkələr də BMT Təhlükəsizlik Şurasının daimi üzvlüyünə iddialıdırlar. 60 il ərzində BMT-də struktur dəyişikliyi həyata keçirilməyib. Halbuki dünya çox dəyişib, Afrika, Cənubi Amerika və Asiyanın böyük hissəsi BMT Təhlükəsizlik Şurası daimi üzvlüyündə təmsil olunmayıb.
  Ərdoğanın çağırışına müsbət yanaşma var. Daimi üzvlərin hamısı, o cümlədən ABŞ, Rusiya, Fransa, Böyük Britaniya və Çin sıralarının genişlənməsinin əleyhinə deyillər. Ancaq Rusiya və Çin üzvlüyə Qərb ölkələrinin, o cümlədən Almaniya və Yaponiyanın namizədliklərinin əleyhinədirlər. Pekinin Hindistanın daimi üzvlüyünə də müsbət yanaşdığını söyləmək çətindir. Halbuki Hindistan əhalisinin sayına görə Çini üstələyib. Hindistanın namizədliyini ABŞ də dəstəkləyir.

Beləliklə, BMT Təhlükəsizlik Şurası daimi üzvlərinin sayının artırılmasını hamı istəsə də, namizədlər məsələsində ciddi fikir ixtilafı mövcuddur. Bu səbəbdən də hazırkı daimi üzvlərin yeni üzvlərlə bağlı yekdil qərar verəcəyi çətindir".