İlin sonuna qədər sülh müqaviləsi imzalana bilər

Paşinyan Qərbin təzyiqləri ilə Rusiyanın regiondan çıxışını sürətləndirməyə çalışır

  "İlin sonuna qədər Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalana bilər. İrəvan bunun üçün bütün lazımi addımları atır". Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. Baş nazir vurğulayıb ki, o, həmişə ilin axırınadək sülh müqaviləsinin imzalanmasını mümkün hesab edib: "Çünki belə bir sazişi imzalamaq üçün siyasi öhdəlik götürmüşəm. Bəli, ilin sonunadək imzalanmasını mümkün sayıram”. Qeyd edək ki, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan da sülh müzakirələrindən danışıb. XİN başçısı vurğulayıb ki, İrəvan uzunmüddətli sülh və qarşılıqlı olaraq ərazi bütövlüyünün tanınmasını istəyir. Lakin Mirzoyanın sözlərinə görə, sülh sazişi ilə bağlı fikir ayrılıqları davam edir: “Heç bir irəliləyişin olmamasını demək doğru deyil. Ən mühüm məsələlərdə hələ də əsaslı fikir ayrılıqları var. Biz danışıqları, işi davam etdirməliyik. Daha böyük qarşılıqlı anlaşma şəraitində əvvəllər olmadığı kimi bir dialoq var. Biz müsbət siqnallar görürük". 
  
Politoloq Turab Rzayev "Sherg.az"a açıqlamasında vurğulayıb ki, Ermənistan rəhbərliyi, o cümlədən Baş nazir Nikol Paşinyan sülhlə bağlı iddiaları tez-tez səsləndirir. Ekspertin sözlərinə görə, ötən ilin son aylarında da Paşinyan dəfələrlə bildirmişdi ki, dekabr ayına kimi sülh sazişi imzalanacaq:
"Dekabrda heç bir müqavilə imzalanmadığı üçün daha sonra gündəmə may, iyun, avqust və sentyabr ayları gətirildi. Guya həmin aylar ərzində keçirilən görüşlərdə sülh müqaviləsi imzalanacaqdı. Gördüyünüz kimi, ortada real heç nə yoxdur və sadəcə olaraq iddialar dolaşır. İki nüans maraqlıdır. Əsas məsələ Paşinyanın sülhdə nə qədər maraqlı olması ilə bağlıdır. Ola bilsin, baş nazir Qərbin təzyiqləri ilə həqiqətən də, Azərbaycanla sülhün əldə olunmasını istəyir. Əslində bununla Rusiyanın regiondan çıxışını sürətləndirməyə çalışır ki, bu da Qərbin baş nazirin üzərinə qoyduğu öhdəliklərin tərkib hissəsidir. Paşinyan məhz buna görə, Rusiya əleyhinə davamlı açıqlamalar verir, Moskvaya etimadın itdiyini söyləyir, Qərblə müttəfiqlikdən danışır və s. Ən azından bu məsələdə Paşinyan səmimidir. O istəyir ki, Azərbaycanla sülh müqaviləsi imzalansın və Rusiya ordusu Cənubi Qafqazı tərk etsin. Məsələnin digər tərəfi odur ki, Paşinyan sülh müqaviləsinə imza atarkən Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Sülhün yolu bundan keçir. Baş nazir şifahi olaraq ərazi bütövlüyünü tanıdığını dəfələrlə açıqlayıb. Amma bunu hələki yazılı formada etməyib". 

Analitikin fikrincə, Ermənistanın baş naziri bəzi qüvvələrdən ehtiyatlanır:

 "Paşinyan müxalifətin, "Qarabağ klanı"nın və Rusiyadan təzyiqindən çəkinir. Erməni cəmiyyəti də şovinist, nasist cəmiyyətdir. Baş nazir həm də erməni cəmiyyətinin sərt reaksiyasından qorxur. Təbii ki, Paşinyan sülh üçün özündə cəsarət toplamalı və addım atmalıdır. Azərbaycanın ərazi bütövlüyü hüquqi sənəd üzərində tanınmasa, Paşinyanın sözləri rəsmi Bakı üçün boş ifadələrdən o yana keçməyəcək. Sabah Ermənistanda hakimiyyət dəyişikliyi olsa, Paşinyanın yerinə gələcək şəxs Azərbaycanın ərazi bütövlüyünü tanımaya bilər. Keçən Brüssel görüşündən sonra gözləntilər o yöndə idi ki, Paşinyan Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü yazılı formada tanıyacaq. Əgər bu, baş verərsə, sülh sənədinin 90 faizi tamamlanmış sayıla bilər".