Lokal xarakterli antiterror tədbirlərinin nəticələri nə oldu? - TƏHLİL


Ermənistanın və onun maliyyələşdirdiyi separatçıların ölkəmizə, hərbçilərimizə qarşı həyata keçirdiyi təxribatları son aylarda kəskin şəkildə artmışdı, bu da  Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə təhdid yaradırdı. 
Bundan əlavə, Azərbaycanın Xankəndi şəhərindəki qondarma qurumun "rəhbəri" Araik Arutyunyanın istefa verməsi də artıq onların sonunun gəldiyinə bir işarə idi. Buna görə də A. Arutyunyan məğlubiyyəti öz boyunundan atmaq üçün təcili istefa verdi. O da anlamışdı ki, "Miatsum" ideyası 44 günlük Vətən müharibəsi ilə məhv olub. 
Davamlı erməni təxribatları sentyabrın 19-da Azərbaycanın lokal xarakterli antiterror tədbirlərinə başlamasını zərurətə çevirdi. Müzəffər Azərbaycan Ordusu qısa zamanda öz istəyinə nail oldu, separatçılar isə təslim oldular.

Lokal xarakterli antiterror tədbirlərinin nəticələrinə nəzər salaq:
Birincisi, lokal xarakterli antiterror tədbirləri  30 ilə yaxın müddətdə Azərbaycan torpaqlarını işğal altında saxlayan bütün qanunsuz erməni silahlı birləşmələrinin və qondarma qurumun sonu və məğlubiyyəti idi.
İkincisi, Prezident İlham Əliyevin dediyi kimi "Azərbaycan öz suverenliyini bərpa etmişdir". Yeni, artıq dövlətimiz Şərqi Zəngəzurla bərabər, Qarabağın tamamında da bərpa-quruculuq işlərini həyata keçirəcək. Eyni zamanda, Xankəndinin, Xocalının, Ağdərənin, Xocavəndin, Əsgəranın və digər ərazilərin sosial-iqtisadi, coğrafi potensialından istifadə edəcək. 
Üçüncüsü, qondarma qurumun ləğv edilməsi Ermənistanda gedən ictimai-siyasi proseslərə də birbaşa təsir edəcək. İrəvan nə qədər də problemləri Qarabağ ermənilərinə yönəltsə də, artıq Ermənistan xalqı anlayır ki, sonrakı proseslər Zəngəzura məsələsinə doğru gələcək.
Ermənistanın üzərinə götürdüyü öhdəliyi olan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatının 4-cü bəndini yerinə yetirməməsi Azərbaycan dövlətinin Qarabağda lokal xarakterli antiterror tədbirləri keçirməsi ilə nəticələndi. 
Üçtərəfli Bəyanatın 9-cu bəndi olan Ermənistan Azərbaycanın qərb rayonları və Naxçıvan arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Bundan əlavə, tərəflərin razılığı əsasında Naxçıvan ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək məsələsi 3 ildir ki, həllini tapmayıb. Amma İkinci Qarabağ müharibəsindən sonra bu istiqamətdə bir neçə dəfə görüşlər keçirilsə də, Ermənistanın destruktiv davranışları nəticəsində müzakirələr demək olar ki, dayanıb. Ermənistanın başı öz daxili işlərinə qarışdığı bir zamanda Zəngəzur dəhlizi məsələsi yenidən gündəmə gətirilə bilər. 
Dördüncüsü, Prezident İlham Əliyevin Vətən müharibəsindən sonra Ermənistana, separatçılara tez-tez xatırladığı "Dəmir yumruq" ifadəsi Qarabağda aparılan lokal xarakterli antiterror tədbirləri ilə  İrəvana növbəti xəbərdarlıq baxımından əhəmiyyətlidir. Çünki Qarabağda olan qanunsuz hərbi birləşmələr 2020-ci ildə Azərbaycan torpaqlarını tərk etsə idi, onlar üçün daha yaxşı olar. Amma bu günlərdə həmin qanunsuz silahlılar təslim olaraq və silahlarını təslim edərək getməyə məcburdurlar, ya da zərərsizləşdiriləcəklər.
İndi Ermənistan da əgər Zəngəzur dəhlizinin açılmasına mane olmağa çalışacaqsa, onu da eyni aqibət gözləyə bilər. Buna görə də Ermənistan real addımlar ataraq üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. 
Beşincisi, Qərb dövlətləri, xüsusilə regionda daha çox fəallıq göstərən Fransa belə qanunsuz erməni silahlıları barədə praktiki olaraq heç nə edə bilmədi. Bu, həm də Ermənistana bir xatırlama oldu ki, onların güvəndiyi dairələr Azərbaycanın haqq işinə, daxili məsələlərinə müdaxilə edə bilməz.
Bütün bunlara baxmayaraq nüfuzlu  beynəlxalq təşkilatların təzyiqləri, Qərb dairələrinin riyakarlığı Azərbaycanı öz prinsipial mövqeyindən çəkindirmədi.
Bu təzyiqlər fonunda Azərbaycan bütün addımlarının legitim, hüquqi və ədalətli olduğunu sübut etdi.


Siyasi şərhçi Elmir Səftərov