Zəngəzur dəhlizi: Türk dünyasının birləşməsi tarixi zərurətdir- Təhlil 

Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan “Armenpress”in sualını cavablandırarkən bildirmişdi ki, Ermənistan heç vaxt heç bir ekstraterritorial, dəhliz məntiqi ilə razılaşmayıb və razılaşmayacaq. Erməni nazirin bu cür açıqlama verməsi, əlbəttə, təkcə onun yox, həm də dövlətinin mövqeyini əks etdirir. Xronoloji ardıcıllığa nəzər salsaq, görərik ki, Ermənistan regionda nəqliyyat əlaqələrinin açılması məsələsinə üzərinə götürdüyü öhdəliklərlə və imzaladığı sənədlərlə razılıq verib. Belə ki, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın 9-cu bəndində qeyd olunur: "Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək". 2021-ci il yanvarın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin imzaladığı digər bir Bəyanatda isə göstərilir: "2020-ci il 9 noyabr tarixli Bəyanatın 9-cu bəndinin regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı hissəsinin reallaşdırılması məqsədilə Rusiya Federasiyasının Prezidenti V.V.Putinin Azərbaycan Respublikasının, Ermənistan Respublikasının baş nazirləri müavinlərinin və Rusiya Federasiyası Hökumətinin sədr müavininin birgə həmsədrliyi ilə üçtərəfli İşçi qrupu yaradılması barədə təklifi dəstəklənir". Beləliklə, müharibədən sonra imzalanan sənəddə Ermənistanın 30 ilə yaxındır ki, işğal altında saxladığı Azərbaycan ərazilərindən çıxması nəzərdə tutulurdu və burada həyata keçiriləcək etimad mühiti sayəsində yeni nəqliyyat dəhlizlərinin yaradılacağı bildirilirdi. Azərbaycanla Naxçıvan arasında açılacaq yeni nəqliyyat əlaqəsi də üçtərəfli Bəyanatın ən mühüm müddəalarından biri idi. Üstəlik, ölkəmiz yeni geosiyasi konfiqurasiya yaradaraq regiondakı zərərli tendensiyaları neytrallaşdırdı. Bölgənin inkişafı üçün qonşu ölkələrə də faydalı olacaq layihələr irəli sürdü və uyğun təklifləri dəstəklədi. 
Lakin Ermənistan əvvəlcə 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın 9-cu bəndi olan bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edilməsi məsələsini dəstəkləsə də, amma hazırda geri addım atır və prosesləri ləngidir. Bu gün Ermənistanın siyasi rəhbərliyi üzərinə götürdüyü, razılaşdığı öhdəlikləri yerinə yetirmir, növbəti dəfə “siyasi hərdəmxəyallıq” nümayiş etdirir. Ermənistan müstəqillik əldə etdikdən sonra da iqtisadi, nəqliyyat-logistika layihələrin bir hissəsi olmaq şansına malik olub, lakin əməkdaşlığa deyil, qarşıdurmaya daha çox diqqət yetirərək bütün fürsətləri əldən verib. 
Xatırlamaq yerinə düşər ki, 2022-ci il dekabrın 31-də Prezident İlham Əliyev çıxışı zamanı demişdi: “Zəngəzur dəhlizinin açılması mütləq olmalıdır, Ermənistan bunu istəsə də, istəməsə də". Bu, o anlama gəlir ki, artıq Zəngəzur dəhlizinin açılması qaçılmazdır. Dəhliz bütün region ölkələri, eyni zamanda, Ermənistan üçün də faydalı ola bilər. Rəsmi İrəvan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirib, bu layihəyə razı olmasa, əvvəlki kimi məcbur ediləcək və zərər görəcək. Çünki bu, Ermənistanın üzərinə götürdüyü öhdəliklərdən biridir. Lakin Ermənistan son illərdə xoşluqla nəyisə qəbul etmədiyi üçün, görünür, dəhlizin açılması da "Dəmir yumruq" vasitəsilə həyata keçiriləcək. Amma Azərbaycan hər zaman olduğu kimi, bu gün də regionda sülhün və sabitliyin tərəfdarıdır və bu istiqamətdə öz təkliflərini Ermənistana göndərib. Ona görə də qarşıdakı proseslərdə baş verə biləcək problemlərə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. 

Zəngəzur dəhlizinin əhəmiyyəti
Tarixi nəqliyyat marşrutlarının bərpası və yenidən formalaşdırılması müasir dövrdə bir çox dövlətlərin strateji məqsədləri və prioritetləri sırasındadır. Həmin dövlətlərdən biri olan Azərbaycan Şimal-Cənub və Şərq-Qərb nəqliyyat marşrutlarının kəsişməsində yerləşir və hazırda mühüm nəqliyyat və logistika qovşağı kimi böyük üstünlüyə sahibdir. Həmçinin bu nəqliyyat marşrutları məsafə və müddət baxımından yük daşımaları üçün də çox əlverişlidir. Bu sahədə Avropa İttifaqı (Aİ) ölkələri ilə də uğurlu əməkdaşlıq həyata keçirilir. Bundan əlavə, dəhliz Türkiyə və Azərbaycan arasında strateji əhəmiyyətə malik coğrafi bölgə kimi də diqqəti cəlb edir. Üstəlik, Zəngəzur dəhlizi enerji siyasəti baxımından strateji rol oynaya bilər. Regiondakı enerji resursları isə bu dəhliz vasitəsilə həm də Avropa bazarlarına nəql edilə bilər. Nəticədə isə Azərbaycanın zəngin neft və təbii qaz ehtiyatları Zəngəzur dəhlizi vasitəsilə xarici ölkələrə və beynəlxalq enerji layihələrinə inteqrasiya oluna bilər ki, bu da regionun enerji təhlükəsizliyinə töhfə verən amillərdəndir. Bu, Qərbə öz enerji mənbələrini şaxələndirməyə imkan verməklə yanaşı, region ölkələrinin iqtisadi və siyasi sabitliyinə də dəstək verə bilər. Zəngəzur dəhlizi regionda strateji tranzit marşrutu kimi regionun siyasi, iqtisadi və təhlükəsizlik dinamikasında mühüm rol oynamaq potensialına malikdir. Dəhliz Naxçıvanı Azərbaycana birləşdirərək regional əməkdaşlığı və iqtisadi inteqrasiyanı təşviq etməklə yanaşı, enerji siyasəti və strateji təhlükəsizlik baxımından da mühüm əhəmiyyət kəsb edir. Bu mənada dəhlizi regional tərəqqiyə aparan yol kimi müəyyən etmək olar.

Zəngəzur dəhlizinin açılması: Türkiyə qlobal güc olmaq yolunda irəliləyir
Türkiyənin sabiq xarici işlər naziri Mövlud Çavuşoğlu çıxışlarının birində belə demişdi: "Biz Azərbaycanın qərb bölgələri ilə Naxçıvan arasında əlaqəni təmin edəcək Zəngəzur dəhlizini qətiyyətlə dəstəkləyirik. Biz dəhlizin dərhal açılmasını gözləyirik". Bir neçə ay əvvəl Prezident Ərdoğan BMT Baş Assambleyasındakı çıxışında Azərbaycanın ərazi bütövlüyünü qorumaq üçün atdığı addımları dəstəklədiklərini ifadə edərək,“Zəngəzur dəhlizi ilə bağlı verilən vədlərin yerinə yetirilməsini gözləyirik” ifadəsini işlətdi. Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra Naxçıvana səfər etmişdi. Türkiyə Prezidenti Naxçıvan səfərini yekunlaşdırıb ölkəsinə qayıdarkən jurnalistlərin suallarına cavabında demişdi: "Artıq İrandan Zəngəzur dəhlizinin açılması ilə əlaqədar müsbət siqnallar gəlib. Bu, strateji dəhlizdir və regionun dövlətlərinin iqtisadi maraqlarına cavab verir. Buna görə də bu dəhlizin fəaliyyətə başlaması üçün lazım olan tədbirləri tez bir zamanda həyata keçirmək lazımdır". R.T. Ərdoğan bildirib ki, Zəngəzur nəqliyyat dəhlizi sülh və iqtisadi inkişaf dəhlizi olacaq. Gəlin, daha əvvələ gedək:  2021-ci ilin oktyabrın 26-da Zəngəzur dəhlizinin -Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməli qoyuldu. Sonra 2022-ci ilin oktyabrın 20-də Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimi oldu. Bu da onu göstərir ki, hazırda Azərbaycan quru və dəmir yolu daşımalarının həyata keçiriləcəyi Zəngəzur dəhlizinin reallaşdırılması üçün öz ərazisində başladığı layihələri sürətli şəkildə davam etdirir. Bütün həyata keçirilən infrastruktur layihələri isə bu dəhlizə daha böyük məna qatacaq. 
Həm Mərkəzi Asiyada, həm də Qafqazda nüfuzlu aktor olan Türkiyə regional və qlobal əməkdaşlıq layihələrinin əksəriyyətinin əsas hərəkətverici qüvvəsidir. Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft və Bakı-Tbilisi-Ərzurum (BTE) təbii qaz boru kəmərləri, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu, Trans-Anadolu qaz boru kəməri (TANAP) kimi strateji layihələrin başlanması və onun davamı olan Transadriatik boru kəməri (TAP) bu əməkdaşlığın mərhələləridir. Bu layihələr marşrutların şaxələndirilməsi və Rusiyadan asılılığın azaldılması baxımından əvəzedilməzdir. 
Zəngəzur dəhlizinin reallaşması ilə Azərbaycanla Türkiyə arasında da məsafə azalacaq, həmçinin iki ölkə birbaşa quru yolu ilə birləşəcək. Eyni zamanda, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun (BTNM) və Şimal-Cənub Nəqliyyat Dəhlizinin inkişafı Avrasiyanın təchizat xətlərinin və tranzit mövqeyinin gücləndirilməsi də deməkdir. Bundan əlavə, heç bir regional aktoru kənarda qoymayan Zəngəzur dəhlizi kommersiya və siyasi əlaqələri sağlam düşüncə çərçivəsində inkişaf etdirməyə yardım edəcək. Zəngəzur dəhlizi sayəsində Türkiyə ilə Orta Asiya yeni bir əlaqəyə malik olacaq. Beləliklə, Türkiyə ilə Türk dünyası arasında fasiləsiz əlaqə yaranacaq və tarixi İpək Yolu da canlanacaq. Bu da regional sülh və əməkdaşlıq mühitinin inkişafına təkan verəcək. Qeyd olunanlardan əlavə, görünən odur ki, Zəngəzur dəhlizinin açılması Türkiyənin regional və qlobal cəhətdən gücünü daha da artıraraq, dünyada söz sahibi kimi nüfuzunu yüksəldəcək. Bütün bunlar Türkiyənin Azərbaycanla və Türk dünyası ilə münasibətlərinin dərinləşməsini sürətləndirəcək. 

Zəngəzur dəhlizinin region ölkələri üçün əhəmiyyəti və dövlətlər arasındakı ziddiyyətlər
Zəngəzur dəhlizində bir çox aktorların fərqli maraqları var. Bu baxımdan da toqquşan maraqlar regionda gərginliyi artıran səbəblərdəndir.
Zəngəzur dəhlizi Rusiya və İran üçün də vacibdir. Çünki burada İranla Rusiya arasında əməkdaşlıq əlaqələri mövcuddur. Bundan əlavə, Türkiyə ilə Azərbaycan arasında yaxınlaşmanın əngəlləndiyi yerlərdən biri də Zəngəzur dəhlizi ilə bağlıdır. Ona görə də bu məsələnin kökü uzunmüddətli mürəkkəb geosiyasi proseslərə dayanır. Yeni reallıqlar kontekstində artıq Zəngəzur dəhlizinin açılması və Azərbaycan ilə Türkiyənin yaxınlaşması zərurət olduğu qədər də, gələcək perspektivlərə söykənən bir layihədir. Bu da bəzi ölkələrin və qlobal güclərin marağına uyğun gəlmir. Buna görə də İran Zəngəzur dəhlizinə siyasi mövqedən yanaşaraq, Türkiyənin Azərbaycanla quru əlaqəsini və Azərbaycan ərazisindən Orta Asiyaya açılmasını öz milli birliyinə və ərazi bütövlüyünə təhlükə hesab edir. Bu, çox mürəkkəb məsələnin ən çətin tərəflərini üz-üzə qoyur. Bunlar isə İran, Ermənistan, Azərbaycan, Rusiya və Türkiyədir. 
Zəngəzur dəhlizi və Türk dünyası
Zəngəzur dəhlizinin reallaşması ilə Türk dünyasının ticari, logistik və siyasi əlaqələri güclənəcək. Dəhliz Bakıdan Türkiyənin şərqində Qarsa  uzanan və ölkənin İranla sərhədi yaxınlığından keçən strateji nəqliyyat marşrutunun bir hissəsidir. Nəticə etibarı ilə Ermənistan-Azərbaycan sülh müqaviləsinin imzalanması Zəngəzur dəhlizinin açılmasına təkan verə bilər. Yəni, regional təhlükəsizlik baxımdan Ermənistan Azərbaycanla sülh sazişi imzalamalıdır ki, beynəlxalq nəqliyyat dəhlizinin fəaliyyəti xarici aktorlarda narahatlıq yaratmasın. Əks halda Ermənistan region üçün təhdid olaraq qalacaq. Bu da dəhlizin effektivliyinə mənfi təsir edəcək. Türkiyənin Azərbaycanla quru əlaqəsi həm də o deməkdir ki, Ankara güclü tarixi və mədəni əlaqələri olan Orta Asiyada türk dövlətlərinə daha yaxşı çıxış əldə edəcək. “Buradan keçəcək dəhliz bütün Türk dünyasını birləşdirəcək”, - deyə Prezident Əliyev 2021-ci il oktyabrın 26-da demişdi. Dövlətimizin başçısı 2021-ci ilin noyabrda da Türk Dövlətləri Təşkilatının toplantısında  bu fikri qətiyyətlə təkrarlamışdı. Bütün bunlar isə Türk dünyasının birləşməsində Zəngəzur dəhlizinin önəmini daha da qabardır. 
Siyasi şərhçi: Elmir Səftərov