ABŞ Türkiyəyə ciddi siyasi təzyiqlər göstərə bilər? - Rəy

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “HƏMAS terror qruplaşması deyil” açıqlaması ABŞ siyasi dairələrində rezonans doğurub.

Bununla əlaqədar bir qrup konqresmen dövlət katibi Entoni Blinkenə məktub ünvanlayıb.

Məktubda Vaşinqtonun Ankaranın qarşısında 6 tələb qoyması təklif olunur:

1. Türkiyə HƏMAS-ı rəsmi olaraq “terror təşkilatı” adlandırmalıdır;
2. HƏMAS-ın İstanbul ofisi və ona bağlı fəaliyyət göstərən qurumların fəaliyyəti dayandırılmalıdır;
3. Türkiyədə bu qruplaşmanın bütün nümayəndələrinin vətəndaşlığı ləğv edilməli, pasportları əllərindən alınmalıdır;
4. HƏMAS nümayəndələri Türkiyədən deportasiya edilməli və ölkəyə girişlərinə qadağa qoyulmalıdır;
5. HƏMAS-ın maliyyələşdirilməsində hər hansı türk bankının əlinin olub-olmaması araşdırılmalı, nəticələri ABŞ Dövlət Departamentinə bildirməli və bu cür maliyyələşdirmədə iştirak edən banklara sanksiyalar tətbiq edilməlidir;
6. HƏMAS-ın 2023-cü il oktyabrın 7-də İsrailə hücumunda Türkiyə rəsmilərinin əlinin olub-olmadığını araşdırmalı və nəticələri ABŞ Dövlət Departamentinə bildirməlidir.

CNN və “Hürriyyət” qəzetinin Vaşintqon müxbiri Yunus Paksoy deyib ki, hazırda yunan lobbisi İsrailə hücum məsələsini Türkiyənin üzərinə yıxmağa çalışır.

Mövzunu “Sherg.az”a şərh edən Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov bildirib ki, hazırda ABŞ-də bir lobbi formalaşıb. Bu lobbi ermənilərin çirkli pullarının təsirinə çevrilib:

 “ABŞ əlində olan bütün imkanlardan istifadə edərək Azərbaycan və Türkiyə əleyhinə fəaliyyət göstərir. Rəcab Tayyib Ərdoğanın HƏMAS-la bağlı açıqlamasını bəhanə edərək ABŞ dövlət departamentini Türkiyəyə qarşı təzyiq və sanksiyalara səsləmək də onların növbəti ikiüzlülüyünün göstərgəsidir. Bu gün ABŞ konqresində Frank Pallone, Bob Menendes kimi adamlar əyləşiblər. Bunların bir çoxu vicdan və ədalət hissini itirmiş siyasətçilərdir. Belə qeyri-obyektiv konqresmenlərin təmsil olunduğu ABŞ-nin Türkiyə və Azərbaycana qarşı obyektiv mövqeyini gözləmək özü absurd olardı”. 

Politoloq Türkiyənin tarixi və ya siyasi məsələlərdən dolayı Yaxın Şərqə baxışı və yanaşmasının ABŞ-lə fərqli ola biləcəyini vurğulayıb:

  “Amma bunu bəhanə edərək hanısa konqresmenləri Türkiyəyə qarşı sanksiyaya səsləmək düzgün addım deyil. Həmçinin Türkiyəni təkləmək üçün növbəti siyasi maskarat şousu düzənləmək rəsmi Vaşiqtonun iyrənc uydurmasıdır. Hesab edirəm ki, nə qədər belə müraciətlər olsa da, ABŞ dövlət departamenti Rəcəb Tayyib Ərdoğanın səsləndirdiyi fikirlərə görə Türkiyəyə qarşı ciddi siyasi təzyiqlərə getməyəcək”.