Paşinyanın hansısa “xoş niyyət” təşəbbüsləri... - RƏY

“Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsi imzalamaq istəyir”.

Bunu  Ceymstaun Fondunun İdarə Heyətinin üzvü, ABŞ-nin Azərbaycandakı keçmiş səfiri, beynəlxalq ekspert Metyu Brayza deyib.

Onun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan başa düşür ki, ölkəsinin firavan gələcəyi ondan Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmağı, o cümlədən nəqliyyat əlaqələrini bərpa etməyi tələb edir:

“Bu, yeni ticarət və investisiyalara, iş yerlərinin açılmasına, iqtisadi artıma, çiçəklənməyə və Ermənistanın özü üçün siyasi sabitliyə gətirib çıxaracaq. Son illər Paşinyan açıq şəkildə bəyan edib ki, o, Azərbaycanla sülh istəyir. O, doğrudan da Azərbaycanla sülh müqaviləsi bağlamaq istəyir. Lakin ona indiyədək Qarabağdakı keçmiş radikal millətçi rejim və qeyri-qanuni hərbi birləşmələr mane olurdu. İkinci Qarabağ müharibəsindən üç il sonra həmin ekstremist millətçi rejim və Ermənistanın qeyri-qanuni hərbi birləşmələri Qarabağdan çıxarıldı, yəni sülh müqaviləsinin qarşısında duran son maneələr aradan qaldırıldı”.

Ekspert hesab edir ki, Nikol Paşinyan sülh müqaviləsi üzrə danışıqları intensivləşdirəcək və Ermənistanı iqtisadi tərəfdaş kimi Azərbaycan və Türkiyə ilə əməkdaşlıq içərisində firavan gələcəyə aparacaq:

“Bunu gözləyirəm. Ancaq sözügedən proses hələ bir az vaxt aparacaq, çünki Azərbaycan və Türkiyə ilə davam edən gərginlikdən qazanc və mənfəət əldə edən kifayət qədər erməni siyasətçi var. Amma fikrimcə, Ermənistanda sülhsevər siyasi qüvvələr getdikcə güclənir”.

“Çox təəssüf ki, Paşinyanın sülh müqaviləsi imzalamaq istəyi ilə bağlı bəyanatlarını belə xoş niyyət addımı və ya həqiqi mövqe nümayişi olaraq qiymətləndirilməsini bir qədər sadəlövh yanaşma olaraq ifadə edə bilərik”.

Bu sözləri mövzu ilə bağlı "Sherg.az"a danışan politoloq Aytən Qurbanova bildirib:
  
“Xüsusilə də, Ermənistanın sürətli şəkildə hərbləşdirilməsi istiqamətində atılan addımları nəzərə aldıqda, nə Ermənistanın, nə də onu dəstəkləyən siyasi dairələrin həqiqətən sülh istəyində olmadıqlarını aydın şəkildə ifadə edə bilərik. Digər tərəfdən, yalnız keçmiş qondarma rejimi hədəf göstərərək sülh müqaviləsinin imzalanmasına əsas maneə olaraq vurğulanması Ermənistanın bu günə qədər həyata keçirdiyi müharibə cinayətlərindən və işğalçılıq faktından diqqəti yayındırmaq məqsədi daşıyır”. 

Politoloq Azərbaycanın sadəcə qondarma rejimi məhv etmədiyini, eyni zamanda onu yaradaraq himayə edən bütün hərbi-siyasi dairələr üzərində qələbə qazandığını vurğulayıb: 

“Cənab Prezidentin dəfələrlə vurğuladığı kimi ilk növbədə Ermənistanda bu günə qədər hakimiyyətdə olmuş bütün xunta rejimləri məğlub edilib və “miatsum” ideyasına birdəfəlik son qoyulub. Ona görə də, ədalətdən və sülhdən danışan tərəflər ilk növbədə Ermənistanın bütün hərbi-siyasi rejimlərinin cinayət əməllərini açıq etiraf etməli, daha sonra Paşinyanın hansısa “xoş niyyət” təşəbbüslərindən danışmalıdır. Əks halda, onların fikirlərindəki xoş niyyət amili də şübhə altına düşmüş olur”.