Azərbaycan  xarici siyasətində Balkan strategiyasına xüsusi önəm verir  - POLİTOLOQ

 "Son 20 il ərzində Azərbaycan bu regionda çox sıx və dərin əlaqələr qurmağı bacarıb"

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov noyabrın 7-də Serbiyaya rəsmi səfərə yola düşüb.

Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Səfər çərçivəsində C.Bayramovun Serbiya xarici işlər naziri İvitsa Daçiç və digər yüksək səviyyəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi planlaşdırılır.

 Ceyhun Bayramovun Serbiyaya və son zamanlar Balkan ölkələrinə olan səfərlərinin artmasını "Sherg.az"  şərh edən politoloq Turab Rzayev bildirib ki, Azərbaycan öz xarici siyasətində Balkan strategiyasına xüsusi əhəmiyyət verir:

 "Son 20 il ərzində Azərbaycan bu regionda çox sıx və dərin əlaqələr qurmağı bacarıb. Eyni zamanda Balkan bölgəsi bir-biri ilə dini, məshəb, tarix, ərazi və s. iddiaları olan ərazi cəhətdən kiçik ölkələrlə zəngindir. Sözü gedən ölkələrin də  çoxunun bir-biri ilə problemləri mövcuddur. Bir çox dünya ölkələrinin bölgədə məcbur tərəf seçdiyi vəziyyətdə  Azərbaycan hazırda  bu ölkələrin hər biri ilə dil tapa, əməkdaşlıq edə bilir. İstər Makedoniya olsun, istər  Bolqarıstan, istər Albaniya, istərsədə Serbiya olsun, hamısı  ilə güclü iqtisadi əməkdaşlıq yaratmağı bacarıb".

Politoloq  Azərbaycanın Balkan strategiyasının bir sıra ölkələrdə kitab şəklində nəşr olunaraq xarici siyasət dərsliklərinə salındığını vurğulayıb:

 "Azərbaycan baxmayaraq ki, ölkə olaraq kiçik bir ölkədir, amma bununla belə Balkan ölkələri ilə çox uğurlu siyasət qurub. 
Serbiya səfəri də bu xarici siyasətin davamıdır. Bundan əvvəl Xorvatiya, daha sonra Rumıniyaya səfər baş tutmuşdu. İndi isə Serbiyaya... . Eyni zamanda sözü gedən region Azərbaycanın qaz ixracı startegiyasında da xüsusi yer tutur. Belə ki, Azərbaycan Avropaya cənub-şərqdən, Yunanıstan və Balkan üzərindən daxil olmağı düşünür. Həmçinin Balkan yarmadasında yerləşən ölkələrə qaz ixrac etmək istəyir. Buda Azərbaycanın Avropanın enerji ehtiyacının ödənilməsində rol oynamasına şərait yaradır. Həm də bu ölkələrlə olan siyasi-iqtisadi əməkdaşlıq Azərbaycanın beynəlxalq arenada gücünün artmasına zəmin yaradır. Azərbaycanın xüsusi ilə Serbiya ilə yaxın münasibətləri var. Elektrotexnika və hərbi sənayeni əhata edən əməkdaşlıq xüsusi yer tutur".