Cavabsız suallar qarşısında sükuta qərq olan Qərb... 

"Qərbin riyakarlığına alışmışıq, atılan və ya atılacaq heç bir addım təəccüb yaratmır”

Qərb ölkələri  sözdə dünyaya sülhə çağırış etsə də,  məhz  elə onların özünün  məkrli siyasəti dünyada  alovlanmış müxtəlif münaqişələrin  yaranmasına zəmin yaradır. Onlar sözdə problemlərin həllində maraqlı olduqlarını desələr də əməllərində tamamilə fərqli fəaliyyətlərinə şahidlik edirik. Rusiya və Ukrayna arasında gedən  müharibədə  Kiyevin silahlandırılması və münaqişənin uzadılması üçün əllərindən gələni əsirgəməməkləri buna misaldır.  

Amma bu müharibənin öz ərazilərindən  uzaq tutmağa çalışırlar. Həmçinin hazırda Qəzzada  baş verənlər hadisələrin şiddətlənməsində də əsas səbəbkar yenədə Qərbdir. Bu Qərbin illərlə yeritdiyi siyasətin bir parçasıdır. Bundan öncəki Ərəb baharında oynanılan ikiüzlü rol hər kəsə məlumdur. 

Qərbin bu ikili standartları barədə fikirlərini “Sherg.az” danışan politoloq Aytən Qurbanova bildirib ki, son zamanlarda diplomatik leksikonda “Qərbin riyakarlığı” termininin bir çox dillərdə davamlı şəkildə istifadə olunduğunu aydın şəkildə müşahidə edirik:

“Bu heç də təsadüfi yaranmış bir termin deyil. Çünki insanlıq tarixinin ən qəddar hadisələrinin birbaşa icraçısı olan müstəmləkəçilər bugün təzadlı formada dünyaya “ədalət” dərsi keçməyə çalışırlar. Belə olan halda, təbii ki, bu sözdə demokratik əməldə isə işğalçı dövlətlərin hər addımının arxasında dayanan imperialist maraqları və məkrli niyyətləri necə görməmək olar?! Suriyada, İraqda, Liviyada, Ruandada, Srebrenitsada, Əlcəzairdə, Burkino-Fasoda və ya dünyanın hər hansı bir nöqtəsində baş verən münaqişələrdə birbaşa və ya dolayı yol ilə iştirak edən bu Qərbin “demokratik” dövlətləri nə edib”? 

Politoloq artıq iki ilə yaxındır davam edən Rusiya-Ukrayna müharibəsinin gedişatına nəzər yetirdikdə, Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini iddia edən Qərb dövlətlərinin əsas hədəfinin hərbi əməliyyatların genişlənərək öz ərazilərinə keçməsinin qarşısını almaq olduğunu vurğulayıb:

 “Onlar ərazi bütövlüyü prinsipinə belə sadiqdirlərsə, onda niyə işğalçı Ermənistanı himayə edirlər? Əgər həqiqətən insan həyatına önəm verirlərsə, onda niyə İsrail ilə Fələstin (Həmas) arasında atəşkəsin əldə olunmasına çalışmırlar? Bu cavabsız suallar qarşısında sükuta qərq olan Qərb “humanist” diplomatlarının ümumiyyətlə sülh və sabitlikdən danışmağa nə mənəvi, nə də hüquqi haqqı var. Ona görə də, biz artıq insan həyatını statistika hesab edərək beynəlxalq hüququ ikili standart əsasında tətbiq edən və ədalət anlayışını yalnız öz maraqlarına uyğun şəkildə şərh edən Qərbin riyakarlığına alışmışıq, atılan və ya atılacaq heç bir addım təəccüb yaratmır”.