"Sülh müqaviləsi imzalanandan sonra əsas yük daşımaları Azərbaycan ərazisindən keçə bilər".
Bunu Ermənistanın hakim “Mülki Müqavilə” partiyasının deputatı Gevorq Papoyan jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu marşrut Ermənistan üçün daha sərfəlidir:
"Çünki bu marşrut daha qısa və rahatdır. Həmin marşrut sovet dövründə də fəaliyyət göstərirdi, lakin sülh sənədi olmadan onu işə salmaq mümkün deyil".
Deputatın fikrincə, elə müqavilə imzalanmalıdır ki, yeni müharibə ehtimalı olmasın.
Açıqlamanı "Sherg.az"a dəyərləndirən siyasi şərhçi Kənan Novruzov söyləyib ki, səsləndirilən fikir ikibaşlıdır:
"Azərbaycan da yeni müharibə istəmir. Vaxtilə savaşa can atan Ermənistan tərəfi olub. Hətta Ermənistanın keçmiş Müdafiə naziri David Tonayan yeni ərazilər uğrunda, yeni müharibə prinsipi ilə çıxış etmişdi. Yəni savaşı istəyən Ermənistan və onun arxasındakı güclər olub. Azərbaycanın isə tək qayəsi suverenliyinin bərpası olub. Erməni deputatın nəzərdə tutduğu Azərbaycanın tarixi torpaqları olan Zəngəzur və Göyçə ilə bağlıdır. Onlara elə gəlir ki, Azərbaycanın Ermənistanın torpaqlarında gözü var. Lakin bu belə deyil. O ki, qaldı Zəngəzur və Göyçəyə, bunlar onsuz da bizim tarixi torpaqlarımızdır".
Analitik əlavə edib ki, gələcəkdə diplomatik yolla tarixi torpaqlarımıza qayıda bilərik:
"Bu isə Ermənistan torpaqlarını işğal etmək yox, öz ata-baba yurdlarımıza qayıdışdır. Erməni deputatın açıqlaması isə Zəngəzura toxunmayın mənasına gəlir. Əlbəttə elə bir müqavilə imzalanmalıdır ki, növbəti müharibəyə şərait yaranmasın. Bunun üçün də ilk növbədə müqavilənin formatı kənar güclərin prosesə müdaxilə edə bilməyəcəyi formada olmalıdır. Çünki biz zaman-zaman görürük ki, Ermənistanı zəhər verən ABŞ və Fransa kimi Qərb dövlətləridir. Regionda isə Rusiya və İrandır. Kənar müdaxilərə zəmin yaranmaması üçün də Bakı və İrəvan arasında birbaşa təmaslar güclü olmalıdır. Yəni qarşılıqlı etimad mühiti yaranmalıdır. Digər tərəfdən indiyədək sülhə mane olan amillərdən biri Qarabağdakı keçmiş separatçı rejim idi ki, bunu həll etdik. Lakin bu sülh müqaviləsinin imzalanmasının qarşısında duran üç bariyerdən sadəcə biridir. Qalan iki məsələ də (Zəngəzur dəhlizinin açılması, sərhədlərin delimitasiyası və demarkasiyası) həllini tapdıqdan sonra yekun sülh müqaviləsi haqqında danışmaq mümkündür".