Ermənistanın ikibaşlı siyasəti:  Paşinyan burulğandan necə çıxacaq?

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ dövlət katibinin Qafqaz məsələləri üzrə baş müşaviri Lui Bononu qəbul edib.
 Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, görüş zamanı tərəflər regionda uzunmüddətli sülh və sabitliyin bərqərar olmasına yönəlmiş səylərə, eləcə də Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesinə toxunublar.
  
Armen Qriqoryan bu yaxınlarda Moskvada keçiriləcək MDB- yə üzv dövlətlərin Təhlükəsizlik Şurası görüşündən imtina edib. 

Görüşü "Sherg.az" a şərh edən  analitik jurnalist Kazım Kazımov bildirib ki, Qriqoryanın bu görüşməsi Ermənistanın son 5 ildə izlədiyi siyasi xəttin yansımasıdır :

 "Nikol Paşinyan hələ jurnalist olduğu dövrdən Qərb dairələri ilə yaxın əlaqə qurub, hətta Corc Sorosdan dəstək alıb. Paşinyan hər zaman Ermənistanın Rusiyadan uzaqlaşması gərəktiyin öz yazılarında açıq şəkildə dilə gətirib. 2018-də özü iqtidara gəldiktən sonra isə jurnalistlik dövründən fərqli olaraq Rusiyayla balanslı siyasət izlədi. Moskva səfərlərində Kremlinin xoşuna gedəcək açıqlamalar verdi. Digər tərəfdən də Qərblə əlaqələrini genişləndirdi. Lakin həm Paşinyan həm də onun adminstrasyası bölgəmizdə gedən proseslərə Moskva və ya Qərb dairələrinin pəncərələrindən baxdığı üçün ən önəmli prosesləri diqqətdən qaçırdı.  Bölgədə artıq hərbi və diplomatik cəhətdən liderə çevrilmiş Azərbaycan vardı, Paşinyanın nə Moskvayla nə də Qərblə olan əlaqələri Azərbaycan üzərində basqı qura bilmədi. Azərbaycan beynəlxalq hüquqa uyğun şəkildə öz torpaqlarını tələb etdi və artıq dırnaqarası demokrat libaslı Paşinyanın da Sarkisyan və Koçaryan yoluyla getdiyi görüləndə həm də sərhəddə və Qarabağda avantüraların arttığı bir dövrdə Azərbaycan Vətən Müharibəsini başlatdı. Paşinyan müharibə dövründə həm Rusiya həm də Qərbdən yetərli dəstəyi görə bilmədi. KTMT-ni müharibəyə cəlb edə bilmədi və Qərb də Azərbaycana qarşı sanksiyalar paketi ortaya çıxarmadı. Sadəcə Fransa hökümətinin və ABŞ Senatındakı Erməni lobbisindən məvacib alan konqresmenlərin cılız səsi xaric Paşinyan dəstəksiz qaldı".

K.Kazımov həmin dövrdə Paşinyanın Qərbdən daha çox Rusiyadan siyasi incik düşdüyünü vurğulayıb:
"Çünki Ermənsitan Baş Naziri Rusiyanın Azərbaycana sərt münasibətini və Ermənistana ciddi hərbi siyasi dəstəyini umurdu. Lakin düşündüklərinin heç biri olmadı.
Ermənistan bu səbəbdən artıq açıq şəkildə Moskvanın həmtəsisçi olduğu KTMT və MDB kimi qurumlardan özünü təcrit xəttini əsas götürdü".
K.Kazımov söyləyib ki, hazırda Paşinyanın  Rusiya ilə qurulan 30 illik beyhudə müttəfiqliyin yerinə Qərbi Cənubi Qafqaza gətirməklə özünə dayaq qazanmaq niyyətindədir:
 "Amma bu Paşinyan üçün o qədər də asan olmayacaq. Birincisi Qərb xüsusən ABŞ Cənubi Qafqazdan daha çox, Yaxın Şərqə, Ukraynaya və Tayvana maraqlıdır. Ermənistan ABŞ və Avropa üçün o qədər də əhəmiyyətli ölkə deyil. Digər yandan Qərbin regionda aktivləşməsi İran və Rusiyanın maraqlarına tamamilə ziddir. Bugün Ermənistanın iqtisadi tranzit kanalları İrandan keçir və Rusiyanın hələ də Ermənistanda hərbi bazaları, ictimai dayaqları var. Paşinyan ən azından bunu nəzərə almalıdır. Bəs yaxşı çarə nədir? Çarə əslində çox bəsitdir Ermənistan impeyalist güclərlə deyildə regionundakı güclərlə anlaşmalıdır. İlk öncə Azərbaycanın şərtlərini qəbul edib sülh müqaviləsi imzalamalı, ardından Türkiyə ilə əlaqələri bərpa etməlidir. Bundan sonra Ermənistanın düşdüyü siyasi və iqtisadi burulğandan çıxma şansı daha da artacaq".