İrəvanın mənasız bəyanatlar toplusu: Əməli addımlar atılmalıdır

“Regional kommunikasiyalar açılmalıdır”.
Bunu Ermənistanın xarici işlər nazirinin müavini Vahan Kostanyan jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, sülhdə maraqlı olan tərəfdaşlar da Cənubi Qafqazda sabitliyə öz töhfələrini verməlidirlər.

"İrəvan və Bakı münasibətlərin normallaşmasına dair sazişin bağlanması üçün bir sıra məsələlərdə mövqelərini yaxınlaşdırmalı olacaqlar. Delimitasiya və demarkasiya məsələsi Ermənistan tərəfi üçün prinsipial əhəmiyyət kəsb edir. Bu, qarşıdan gələn razılaşmanın təməl daşı olmalıdır”, - nazir söyləyib

Mövzu ilə bağlı "Sherg.az" a danışan politoloq Aytən Qurbanova vurğulayıb ki, son zamanlarda həm Paşinyanın, həm də Ermənistanın digər rəsmilərinin açıqlamalarına diqqət yetirdikdə onların Zəngəzur dəhlizinin açılması məsələsini artıq təzyiq vasitəsi olaraq istifadə edə bilməyəcəkləri ilə bağlı reallığı qəbul etdiklərini aydın şəkildə müşahidə edə bilirik :

"Ona görə də, belə məzmunlu oxşar bəyanatlar da daha intensiv xarakter alıb. Amma hər zaman olduğu kimi bu məsələdə də Ermənistan tərəfinin çıxışlarında ziddiyyətli məqamlar və qətiyyətsiz mövqe var. Bir tərəfdən kommunikasiya xətlərinin bərpa olunmasında maraqlı olduqlarını bildirirlər, digər tərəfdən isə götürülən öhdəlikləri icra etmirlər. Bildiyimiz kimi kommunikasiya xətlərinin bərpa olunması ilə bağlı müddəalar üçtərəfli bəyanatda öz əksini tapıb. Lakin Ermənistan tərəfi bu müddəalardan irəli gələn öhdəlikləri yerinə yetirməkdən imtina etməklə öz istəkləri əsasında kommunikasiya xətlərinin bərpa olunmasında israrlıdır. Belə olan halda bu məsələ ilə bağlı Azərbaycanın tələblərini qəbul etməkdən başqa seçim imkanları yoxdur".

Xanım politoloq  delimitasiya və demarkasiya məsələsinin də Azərbaycan Respublikasının tələb etdiyi qaydada, yəni beynəlxalq hüquqa əsasən həyata keçirilməli olduğunu vurğulayıb:
 "Bu nöqteyi-nəzərdən yanaşdıqda, Ermənistan rəsmilərindən gözlənilən bəyanatları bir kənara qoyaraq əməli addımların atılması istiqamətində təşəbbüs göstərməsidir. Əks halda Ermənistan tərəfinin bu çıxışları sadəcə mənasız bəyanatlar toplusu olaraq dəyərləndirilə bilər".