Ermənistan hökuməti bu yaxınlarda “Dünyanın kəsişməsi” layihəsini elan edib. Onun əsasında regional kommunikasiyaların açılacağı təqdirdə Ermənistanın öz ərazisində dövlət qurumları vasitəsilə sərhəd və gömrük nəzarətini həyata keçirməsi dayanır.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibinin Rusiya XİN-in rəsmi nümayəndəsinin bəyanatı ilə bağlı şərhində deyilir.
“Bundan əlavə, bu yaxınlarda Ermənistan Milli Təhlükəsizlik Xidmətində xüsusi şöbə yaradılıb, onun vəzifəsi regional kommunikasiyaların açılacağı təqdirdə bu rabitələrin, eləcə də malların, yüklərin, nəqliyyat vasitələri və onların vasitəsilə daşınan insanların təhlükəsizliyini təmin etməkdir.
Ermənistan Respublikası heç vaxt heç bir sənəddə öz suverenliyinə hər hansı məhdudiyyətlə razılaşmayıb və onun suveren ərazisinin heç bir hissəsində üçüncü ölkənin nəzarəti bərqərar oluna bilməz”, - bəyanatda bildirilib.
Məsələyə münasibət bildirən siyasi şərhçi Turan Rzayev "Sherg.az"a söyləyib ki, Zaxarova bu çıxışla nəbz yoxlamağa çalışır:
"Ermənistan tərəfinin Rusiya ilə münasibətləri pisdir və Qərbə inteqrasiya prosesi çərçivəsində Kremlin bölgədəki varlığını azaltmağa çalışırlar. Belə bir zamanda isə Zaxarovanın təklifinin qəbul edilməsi inandırıcı görünmür".
Analitik əlavə edib ki, Azərbaycanın bunu qəbul etməsi müzakirə mövzusu belə deyil:
"Çünki Azərbaycanın özünün ordusu mövcuddur. Digər tərəfdən konstitusiyaya görə Azərbaycan ərazisində başqa bir ölkənin hərbi bazası ola bilməz. Sülhməramlılar istisnadır. Ümumiyyətlə rus sərhədçilərinin Azərbaycan sərhədlərində dayanması doğru yanaşma deyil. Düşünürəm ki, Rusiya tərəfi belə açıqlama verməklə hiyləgər gediş edir. Yəni Bakı ilə İrəvana bildirməyə çalışır ki, sizin aranızdakı qarantiya mənəm və bir-birinizlə anlaşa bilmirsinizsə, sərhədləri qoruya bilərəm. Bir sözlə desək Rusiya bununla 1988-ci ildəki vəziyyətə qayıtmaq istəyir. Yəni hər iki ölkəni öz orbitində saxlamağı hədəfləyir. Böyük ehtimalla Azərbaycan bu məsələdən yayınaraq diplomatik tərzdə Rusiyaya cavab verəcək".
Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bugünkü açıqlamasında Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında nəqliyyat kommunikasiyalarına nəzarəti Rusiya FTX-nin həyata keçirməsinin qəbul edildiyini bildirib. Zaxarova bu sözlərində 10 noyabr 2020-ci il bəyanatının 9-cu bəndinə əsaslanıb.