"Rusiya ilə müttəfiqlik mənasızdır”. APA Ermənistanın “Past” nəşrinə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Nikol Paşinyan bəzi ekspertlərin və media nümayəndələrinin iştirakı ilə ötən ayın əvvəlində keçirilən qapalı görüş zamanı bildirib.
Nəşrin yazdığına görə, Paşinyan ilk növbədə qeyd edib ki, hər kəsin şahidi olduğu kimi, xarici siyasət vektorunda dəyişikliklər var.
Baş nazir onu da bildirib ki, dəyişiklik rəsmi şəkildə elan olunmayacaq, çünki bir sıra xarici tərəfdaşlar, xüsusən də İran (Paşinyanın xüsusilə vurğuladığı kimi) ölkə siyasətində bu dönüşün əleyhinədir.
O, həmçinin, əlavə edib ki, xarici siyasətdə dəyişiklik prosesi artıq başlayıb, davam edir, sakit və “yumşaq” şəkildə baş verəcək. Paşinyan bundan sonra Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) və Müstəqil Dövlətlər Birliyinin (MDB) fəaliyyətində iştirak etməyəcəyini bildirib, həmçinin, onun sözlərinə görə, hökumət artıq bu strukturların əvəzləyicilərini axtarır və əmin olduğunu bildirib ki, tezliklə tapılacaq.
Paşinyanın fikrincə, həmin əvəzləyici təşkilatlar tapılandan sonra ölkəsinin yuxarıda adıçəkilən qurumları tərk etməsi bəyan ediləcək və Baş nazirin dediklərinə əsasən, Qərb tərəfdaşlarından müxtəlif sahələrdə çox maraqlı təkliflər mövcuddur.
Ermənistan hökumətinin rəhbəri eyni zamanda, xarici siyasət məsələləri ilə məşğul olan komandasının fəaliyyətini yüksək qiymətləndirərək, onların böyük iş gördüyünü və nəticələrin özünü çox gözlətməyəcəklərinə əmin olduğunu bildirib.
İclasda iştirak edənlərin çoxsaylı suallarına cavab olaraq, Baş nazir bildirib ki, Rusiya ilə ittifaqda qalmaq mənasızdır. Paşinyan əmin olduğunu vurğulayıb ki, ruslar müharibə və sanksiyalar nəticəsində zəiflədikləri üçün heç kimə kömək edə bilməyəcəklər, artıq əvvəlki kimi qərar sahibi deyillər.
Onun sözlərinə görə, narahatlığa əsas yoxdur, Rusiya Ermənistandan getsə, ölkəsi üçün heç bir təhdid yoxdur, çünki ruslar artıq heç kimi cəzalandıra bilməzlər. Bir müddət gərginlik, informasiya sahəsində və uzaq məsafədən hücumlar ola bilər, lakin bundan artıq heç nə baş verməyəcək və Paşinyanın etdiyi kimi, buna hətta məhəl qoymamaq da olar.
Nəşr onu da əlavə edir ki, iclasda iştirak edən bir sıra şəxslər oranı son dərəcə narahat halda və təşviş içində tərk edib.
Məsələ ilə bağlı "Sherg.az"a danışan siyasi şərhçi Kənan Novruzov bildirib ki, son vaxtlar Ermənistanın Rusiyadan uzaqlaşma siyasəti özünü aydın şəkildə büruzə verir:
"İrəvanla Qərb xüsusən də ABŞ arasında artan əməkdaşlıq fonunda Ermənistan get-gedə Rusiyadan uzaqlaşır. Bu isə təkcə Paşinyanın siyasətinin nəticəsi deyil, həm də Qərb Ermənistanı buna məcbur edir. Məqsəd də Rusiyanın Cənubi Qafqazdakı təsirinin azalmasıdır. Ümumiyyətlə Paşinyan hakimiyyətə gəldikdə belə tendesiyaların reallaşacağı bəlli idi. Çünki Paşinyanın siyasət xətti xələflərindən fərqlənir".
Analitik əlavə edib ki, bu gün baş verənlər Qərbin uzunmüddətli planlarının təzahürüdür:
"Bu mənada düşünürəm ki, Paşinyan hakimiyyətdə olduğu müddətdə İrəvanla Moskva arasında münasibətlərin yenidən düzəlməsi ehtimalı yoxdur. Roma Statutunun təsdiqlənməsi tərəflər arasındakı əlaqələrə sağalmaz yara vurdu. Həmçinin ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu iddia etmişdi ki, Rusiyanın Gümrüdə yerləşən hərbi bazası ləğv olunacaq. Mən də bunun belə olacağını düşünürəm. Düzdür Kreml asanlıqla icazə verməyəcək. Amma baş verəcək. Çünki Amerika artıq Rusiyanın Ermənistan üzərindəki bütün təsir rıçaklarının azalmasına çalışır".