"Görünür ki, Paşinyanın zənnincə məğlubiyyətlərinin yeganə xilas yolu budur"
Ermənistan bir səbəbdən Qərb üçün maraqlıdır: ölkəni bu və ya digər sahədə, yəni münaqişə və ya müharibə yolu ilə Rusiyaya qarşı illərlə istifadə etmək olar.
Bunu erməni hərbi ekspert, ehtiyatda olan polkovnik Hayk Nahapetyan deyib.
“İndi isə faktiki olaraq Paşinyan Ermənistanı Qərbə təqdim edir və bizim ərazimizdən istifadə edə biləcəklərini deyir. Nikol Fransanı ölkəyə dəvət edir və deyir ki, gəlib audit aparmaqlarına icazə verilir. Yəni Parisə Ermənistan-Rusiya müştərək hava hücumundan müdafiə sisteminin yerləşdiyi, bir çox ciddi hərbi və dövlət sirri olan ərazilərimizə daxil olmağa icazə verilir.
O, İrəvan-Moskva birgə hava hücumundan müdafiə sisteminin Ermənistandan çox uzaq ərazilərə baxdığı və həmin ərazilərdə Ukrayna səmasında döyüşən rus təyyarələrinin də olduğu məlumatları götürməyə icazə verir. Fransa məhz bu məlumatları alıb NATO-ya ötürmək istəyir. Həmçinin, söhbət İran sərhədləri ilə bağlı kəşfiyyat məlumatlarının İsrail və ABŞ-a ötürülməsindən gedir. Paşinyan deyir ki, sizin üçün hər şeyi edə bilərəm, sadəcə olaraq hakimiyyətimi xilas edin”, - o bildirib.
Məsələni "Sherg.az"a şərh edən Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov söyləyib ki, Ermənistan Qərbin regiondakı əsas forpostu olmaqda maraqlıdır:
"2018-ci ildən bu yana hakimiyyətdə olan Nikol Paşinyan ölkədə bilavasitə Qərbin maraqlarını təmin edir. Hətta Fransa ilə əldə olunan hərbi və mülki razılaşmalar da birbaşa Rusiya-Ermənistan hərbi obyektlərinə Fransa hərbçilərinin və NATO-nun məhsul şəxslərinin daxil olmasını nəzərdə tutur. Burada açıq şəkildə hərbi sirlərin ötürülməsi məqsədi var. Hava hücumundan müdafiə qurğuları da kilometrlərlə uzaqda olan ərazilərdə hərbi müşahidəni həyata keçirir".
Analitik əlavə edib ki, Ermənistan bütün hərbi obyektlərə Qərbin adamlarını buraxmaqla hərbi sirləri onlara təhvil verir:
"Burada həm İranla, həm də Rusiya ilə bağlı hərbi sirlərdən söhbət gedir. Əsas məqsəd isə Paşinyanın hakimiyyətini xilas etməkdir. Görünür ki, Paşinyanın zənnincə məğlubiyyətlərinin yeganə xilas yolu budur".