NATO ölkələri olmasaydı Ukrayna çoxdan dünya xəritəsindən silinmişdi  - TƏHLİL

"Bu baxımdan Rusiyanın NATO ilə müharibəyə hazırlaşması ilə bağlı iddialar inandırıcı görünmür"

“Rusiya NATO ilə uzunmüddətli münaqişəyə hazırlaşır”. Bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu yazıb.
Bildirilib ki, Rusiya bunu Ukraynadakı müharibə ilə paralel edir:
“Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimov bunu açıq-aşkar bildiriblər. Rusiya Ukraynanın işğal olunmuş ərazilərində yeni hərbi birləşmələr yaradıb”. Qeyd olunub ki, Rusiya NATO-ya qarşı yeni hərbi dairələr yaradır:
“Rusiya Müdafiə Nazirliyi Ukraynadakı itkiləri qismən yeni birləşmələr yaratmaqla əvəz edir”.

İddiaları "Sherg.az"a şərh edən siyasi şərhçi Elçin Xalidbəyli deyib ki, Rusiya və NATO arasında hazırda da savaş gedir:

"Yəni Ukrayna savaşı Kreml və Alyans arasında bir müharibədir. Bunu ingilislər proksi-müharibə termini ilə izah edirlər. NATO Ukrayna vasitəsilə Rusiya ilə vuruşur. Əgər Alyansa üzv ölkələrin hərbi dəstəyi olmasaydı Ukrayna çoxdan dünya xəritəsindən silinmişdi. Bu baxımdan Rusiyanın NATO ilə müharibəyə hazırlaşması ilə bağlı iddialar inandırıcı görünmür".
Analitikin sözlərinə görə, nə NATO, nə də Rusiya açıq toqquşmaya getməz:
"Yəni iki qrupun silahlı qüvvələrinin savaş meydanında üz-üzə gəlməsinə imkan verilməz. Çünki bu iki tərəf üçün də ağır nıticələr verə bilər. Digər tərəfdən Rusiyanın İndiki savaş strategiyası ilə NATO-ya qarşı vuruşmaq imkanı yoxdur. Ancaq NATO anlayır ki, Rusiya savaşa başlasa bu nüvə müharibəsi olacaq. Yəni Rusiya NATO ilə üzləşəsi olsa, nüvə silahından istifadə etmək məcburiyyətində qalacaq. Əgər iddialarda açıq şəkildə nüvə svaşının olacağı yazılmırsa, deməli müəyyən informativ manipulyasiyalarla məşğuldurlar". 

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyununda əks-hücum əməliyyatları keçirir.