EKSPERT: AB-nin Cənubi Qafqaza təsiri böyük deyil

AB-nin mülki missiyasının müşahidəçilərinin sayının artırılması Ermənistan sərhədlərində sabitliyi gücləndirəcək.
Bunu Ermənistanın xarici işlər nazirinin müavini Paruyr Ovannisyan deyib.
“Müşahidəçilərin sayının genişləndirilməsi, onların imkanlarının gücləndirilməsi ilə bağlı qərar var. Bu da daha fəal monitorinq işinə və müvafiq hesabatların Brüsselə, eləcə də üzv dövlətlərə təqdim edilməsinə imkan verəcək. Bu, şübhəsiz ki, sərhədlərimizdə sabitliyi daha da gücləndirəcək”, - o bildirib.

Mövzu ilə bağlı “Sherg.az” a danışan  hərbi-siyasi ekspert Həşim Səhrablı bildirib ki, AB-nin gücləndirmə missiyası Ermənistanı Azərbaycanın olası hücumundan qoruma bəhanəsi adı altında gizlədilməyə çalışılır: 
 “Təbii ki, Azərbaycanın Ermənistana hücumundan söhbət belə gedə bilməz. Bu illərdir davam edən ikili standartların davamıdır. Ötən əsrin 90-cı illərində azərbaycanlılar öz torpaqlarından didərgin edilən zaman, məcburi köçkünlərin sıxıntılar yaşadığı dönəmlərdə biz Avropa İttifaqının heç bir bəyanatla, maddi-mənəvi dəstəklə çıxış etdiyini görmədik.  Amma heç 2-3 ay deyil ki Qarabağı öz könüllü istəkləri ilə tərk edən ermənilərə durmadan maddi yardımlar göstərilir. Hətta bəziləri könüllü köçə  etnik təmizləmə adı verməyə çalışır. Humanizmdən söz edən bu ölkələr o vaxt Azərbaycan xalqı əsl soyqırıma, etnik təmizləməyə məruz qaldıqda susurdular”. 
H. Səhrablı Fransa kimi qüvvələrin illərdir Azərbaycanla bağlı yeritdikləri  siyasətlərinin  puç olmasından sonra indi yeni dezinformasiya yaymağa çalışdığını vurğulayıb: 

“Onlar Azərbaycanı guya Ermənistanı işğal etməyə çalışan dövlət kimi qələmə verməyə çalışırlar. Lakin artıq dövr dəyişib. Hər kəs reallığı görür və bilir. Azərbaycanın istəyi tarixi ədaləti bərpa etmək idi və bu istəyinə çatdı. Beynəlxalq hüququn da dəstəklədiyi bu reallığı əngəlləmək istəyən tərəflər Azərbaycanın istəklərinə işğal süsü verməyə çalışır. Ancaq  onlar istəklərinə çatmayacaq. Çünki Azərbaycanın Ermənistan torpaqlarına iddia irəli sürmək kimi bir niyyəti yoxdur. AB-nin mülki missiya müşahidəçilərinin sayının artırılması Ermənistan maraqlarına xidmət etsə də, bölgədə hər hansı ciddi dəyişikliyə səbəb olacaq qədər gücə malik deyil. Eyni zamanda AB-nin Cənubi Qafqaza təsiri böyük deyil. Fransa neçə ildir sözü gedən bölgədə söz sahibi olmaq üçün dəridən-qabıqdan çıxsada, bu istəyinə nail ola bilmir”.