Ağ Evin siyasi gedişləri ikili münasibətlərin gərginləşməsinə şərait yaradır-Politoloq

ABŞ Konqresi ikinci dəfə Ermənistan-Azərbaycan münasibətləri və Qarabağla bağlı “dinləmələr” keçirib. Bu dinləmələrdə Azərbaycana heç bir dəstək göstərilməyəcəyi barəsində açıqlamalar yer alıb. ABŞ-ın vaxtilə Qarabağdakı separatçılara minatəmizləmə adı altında ildə 10 milyon dollar vəsait ayırması, separatçıların ABŞ-da yardım kampaniyaları keçirib pul yığmalarına şərait yaradılması, rejimin bu ölkədə nümayəndəliyinin fəaliyyətinə göz yumulması kimi ikiüzlü siyasətləridə hər kəsə məlumdur.
Mövzu ilə bağlı "Sherg.az"a danışan  Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları” Mərkəzinin sədri, politoloq Samir Hümbətov bildirib ki, ABŞ-ın son davranışları heç də Azərbaycanla müttəfiqlik addımlarına uyğun gəlmir:

“Onların bu siyasi gedişləri ikili münasibətlərin daha da gərginləşməsinə şərait yaradır. Nəzərə almaq lazımdır ki, ABŞ üçün Azərbaycanın strateji əhəmiyyəti böyükdür. Amma niyəsə ABŞ-ın bəzi dairələri özlərinin siyasi ambisiyaları xatirinə tərəflər arasında münasibətlərin pozulması yönündə işlər görürlər”. 
Politoloq Azərbaycan əraziləri işğal altında olduğu 30 il müddətində də rəsmi Vaşiqtonun  Qarabağdakı separatçılara maliyyə dəstəyi göstərdiyini vurğulayıb:
 “Buna guya minatəmizləmə üçün edilən yardım  kimi bəhanələrlə haqq qazandırmağa çalışırdılar. Lakin sözü gedən pullar sırf Qarabağdakı separatçı rejimin saxlanması üçün ayrılırdı. Bundan başqa da yardımlar olub. Bu nə birinci nədə sonuncu haldır. Azərbaycan 2020-ci ildə öz ərazilərini işğaldan azad etdikdən sonra artıq proseslər tam şəkildə dəyişdi”.  
S.Hümbətov Azərbaycanın ABŞ-ın heç bir köməyinə ehtiyacı olmadığını dilə gətirib:
  “Bu gün Azərbaycan özü başqa ölkələrə yardım göstərən dövlətə çevrilib. Dünyada hansı ölkə əhalisinin humanitar yardıma ehtiyacı yaranarsa, Azərbaycanın ora mütləq şəkildə dəstəyinə şahidlik edirik. Ölkənin maliyyə imkanları kifayət qədər çoxdur”.