Bütöv Azərbaycan Ocaqlarından İranla bağlı BƏYANAT

Bütöv Azərbaycan Ocaqlarının İran adlanan ölkədəki repressiya tədbirləri haqqında  bəyanat  verib.
“Sherg.az” xəbər verir ki, bu barədə Azərbaycan Ocaqlarından məlumat verilib:
“Son günlər İran adlanan ölkədə növbəti repressiya tədbirləri geniş vüsət almışdır. Azərbaycanın Güneyində yaşayan əqidədaşlarımızdan aldığımız dəqiq məlumatlara görə, türk millətindən olan siyasi fəallar heç bir səbəb olmadan evlərindən, yaxud iş yerlərindən oğurlanıb təhlükəsizlik orqanları idarələrinə aparılır, ailələrinə heç bir xəbər verilmir, bu barədə heç kəs məlumatlandırılmır”. 
Bəyanatda Azərbaycan torpaqlarının şovinist-millətçi erməni işğalçıları tərəfindən 30 illik işğalı dövründə həmişə ermənilərin yanında olan, məscidlərdə donuz saxlayan kafirlərə dəstək olan İİR-nın rəsmi hökumət dairələrinin 44 günlük II Qarabağ müharibəsi və bir günlük antiterror əməliyyatı zamanı tutduğu mövqeyin də unudulmadığı vurğulanıb:
 “Son bir neçə ayda sakitləşən İran təhlükəszilik qüvvələrinin İsrail-Həmas qarşıdurmasının kəskinləşdiyi dövrdə yenidən fəallaşması və bu vəziyyətdə həmişə olduğu kimi, Azərbaycan türklərinə qarşı nifrət və aqressiya nümayiş etdirməsini başa düşmək olmur. Bəlkə orada yaşayan soydaşlarımızı Qəzzaya hücum etməkdə günahlandırırlar? Bəlkə onlar, İsrail dövlətinə dəstək olublar? 
Azərbaycan Respublikasında yaşayan ictimai xadimlər, siyasi fəallar və ziyalılar Vətənimizin güneyində yaşayan gənclərimizin təqib olunmasının, kütləvi işgəncə və həbslərə məruz qalmasının səbəbini bilmək istəyir. Biz, Bütöv Azərbaycan Ocaqları (BAO) olaraq, İran adlanan ölkədə Azərbaycan Türklərinin oğurlanıb naməlum istiqamətlərə aparılmasını, heç bir əsaslı səbəb göstərilmədən zindanlara atılmasını, zülm və işgəncələrə məruz qalmasını qətiyyətlə pisləyir, İİR rəsmi hökumət dairələrinə qəti etirazımızı bildiririk”.
Bütöv Azərbaycan Ocaqları.
Bakı, 16 noyabr 2023-cü il