Referendum: İdarəçilik bələdiyyələrə verilməlidir-İqbal Ağazadə

Azərbaycanda referendumun keçirilməsi ilə bağlı müzakirələr zaman-zaman gündəmə gəlir. Bir qisim hesab edir ki, konstitusiyada ciddi dəyişikliklərin edilməsinə ehtiyac var. Vurğulanır ki, proporsional seçki sisteminin bərpası, parlament üzvlərinin sayının artırılması, ikipalatalı parlament sisteminə keçilməsi, həmçinin Nazirlər Kabinetinin funksiyalarında dəyişikliklər edilməsi, rayon icra hakimiyyətlərinin ləğvi və yeni idarəetmə mexanizminin tətbiqi kimi məsələlərin reallaşması olduqca vacibdir. Hətta bəzi deputatlar Milli Məclisin payız sessiyasında bu məsələnin gündəmə daşınacağını da iddia etmişdilər. Ara-sıra müzakirələr aparılsa da, referendumun keçirilməsi və qanunvericilikdə köklü dəyişikliklərlə bağlı konkret addımlar atılmır. 

Mövzu ilə bağlı “Sherg.az” a danışan Ümid Partiyasının sədri İqbal Ağazadə bildirib ki, referendum məsələsinin aktual olmasının əsas səbəbi 1995-ci ilində Azərbaycan Konsitutusiyasında parlament sayı müəyyənləşdirilərkən Azərbaycanda təxminən 4 milyon 500 min seçici var idisə, indi bu sayın  6 milyon 500 min olmasıdır:

“Yəni seçici sayında 2 milyon artım var. Belə olan halda sözü gedən məsələyə diqqət ayrılmalıdır. Artan 2 milyon seçici ya düzgün bölünməlidir yada yeni dairələr yardılmalıdır. Bir dairədə nə qədər seçici olması norması müəyyən olunmalıdır”. 

İ. Ağazadə  həmçinin Avropa Şurasına daxil olarkən iri şəhər bələdiyyələrinin seçilməsi ilə bağlı Azərbaycanın öz üzərinə öhdəlik götürdüyünü vurğulayıb:
“Bunu da mütləq şəkildə yerinə yetirmək lazımdır. İdarəçiliyin də böyük hissəsi bələdiyyələrə verilməlidir.  Refendumun qəbul olunub olunmaması bizdən və təkliflərimizdən aslı deyil. Azərbaycan hakimiyyəti bunla bağlı qərar qəbul edərsə, referendum çıxarılacaq məsələlərin hansının aktual hansının cəmiyyət üçün faydalı olmayacaq olduğu ilə bağlı təkliflərimizi bildirəcəyik”.