Azərbaycan imzasına sadiqdir-POLİTOLOQ

Zəngəzur dəhlizinin istifadəyə verilməsi Gürcüstanın tranzit biznesinə mənfi təsir göstərməyəcək.
Bunu Dubayda keçirilən "Xəzər Həftəsi Forumu 2023" tədbirində Ceymstaun Fondunun İdarə Heyətinin üzvü, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, beynəlxalq ekspert Metyu Brayza deyib.
"Gürcüstandan olan dostlar narahatdırlar ki, Zəngəzur dəhlizi onların tranzit biznesinə mənfi təsir göstərəcək. Amma bu doğru deyil. Zəngəzur dəhlizinin istifadəyə verilməsi ilə logistik marşrutların əksəriyyəti Cənubi Qafqazdan keçəcək və bu da hamı üçün əlverişlidir", - sabiq səfir vurğulayıb.
O qeyd edib ki, Zəngəzur dəhlizi regionun əsas oyunçularının tranzit potensialını artıracaq:
"Zəngəzur dəhlizi Azərbaycan və Türkiyə üçün imkanlarla yanaşı, Naxçıvanın inkişafına da təsir göstərəcək".

Mövzu ilə bağlı “Sherg.az” a danışan politoloq Cümşüd Nuriyev bildirib ki, Metyu Brayzanın dedikləri həqiqətdir:
“Azərbaycan öz imzasına və dediklərinə sadiq olan ölkədir.  Azərbaycan tranzit ölkə olaraq bu günə qədər Gürcüstan yolundan istifadə edib. Bölgədə tamamilə başqa konteksdə oyunlar gedir. Azərbaycan yolun çəkilməsi ilə bağlı İranla razılaşma əldə edib. Sadəcə yolun İrandan keçməsi Avropa  tərəfindən qəbul olunmur. Bu səbəblə Avropa ölkələri xüsusəndə Fransa Gürcüstana təzyiq edir. Gürcüstan prezidenti Fransada doğulub və orada böyüyüb. Hazırda onun müstəqil siyasət yürüdə bilmədiyinin şahidiyik. Gürcüstanın Zəngəzur dəhlizi açıldıqdan sonra logistik marşurutların Cənubi Qafqazdan keçəcəyi və bunun onların tranzit biznesinə mənfi təsir edəcəyi yönündəki fikirləri tamamilə yalnışdır. Əksinə bu yolla tranzit əlaqələr daha da şaxələnəcək. Ümumi bölgə dövlətlərinin iqtisadiyyatlarına müsbət yöndə təsir edəcək”.