Qərb platformaları dalana dirənib: Sülh müqaviləsi imzalanacaq?

ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayenin Azərbaycanın daha aqressiv siyasət yürütdüyünü söyləməsi üzücüdür və bu, Azərbaycan Xarici İşlər Nazirliyinin etirazına layiqdir.
Bunu Ceymstaun Fondunun İdarə Heyətinin üzvü, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, beynəlxalq ekspert Metyu Brayza deyib.
“Azərbaycan Xarici İşlər Nazirliyinin bu bəyanatlardan niyə narahat olduğunu tam başa düşürəm. Azərbaycan Ermənistan ərazisinə qarşı hərbi güc tətbiq etmək niyyətində deyil, bunlar mahiyyət etibarı ilə tam saxta ittihamlardır. Qarabağ məsələsi üzərində işlədiyim bütün illər ərzində Azərbaycanın Ermənistanın heç bir ərazisinə hücum etmək və ya ələ keçirmək arzusunun olmadığını, hətta Qarabağda ermənilərlə azərbaycanlıların birgə yaşamasını səmimiyyətlə istədiyini görmüşəm”, - deyə keçmiş səfir əlavə edib.
Metyu Brayzanın sözlərinə görə, Obrayen, əslində, bu bəyanatları ilə ABŞ Konqresində erməni diasporu, Amerika Erməni Milli Komitəsindən (ANCA) gələn, yalandan ibarət olan, həqiqətləri təhrif edərək Azərbaycanın hərbi güc tətbiq etmək niyyətində olduğunu iddia edən güclü təzyiqlərə reaksiya verib:
“Yadınızdadırsa, ABŞ Dövlət katibi Entoni Blinkenin guya Azərbaycana hərbi gücdən istifadə etməməsi barədə xəbərdar etdiyinə dair yalan məlumat yayılmışdı. Daha sonra Blinken bunun həqiqəti əks etdirmədiyini bildirdi. Ancaq görünür ANCA təzyiqini davam etdirir.
ABŞ Azərbaycanın sülhə nail olmasını istəyir. Amerika Birləşmiş Ştatları bilir ki, Azərbaycanın məqsədi sülh müqaviləsidir, bu, Ermənistanın Baş naziri Nikol Paşinyan üçün də eynidir. Ancaq Paşinyanın ANCA kimi rəqibləri sülh müqaviləsinə doğru irəliləyişə mane olmağa çalışırlar, çünki onlar münaqişənin davam etməsini istəyirlər”.
Brayza Vaşinqton görüşü məsələsinə də diqqət çəkib. Bildirib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş Vaşinqtonda baş tutsa, daha yaxşı olar:
“Fikrimcə, Əliyev və Paşinyan iki ölkə arasında sülh müqaviləsinə doğru irəlilədikcə, ABŞ-ın Azərbaycanla münasibətləri nəinki normallaşacaq, həm də kifayət qədər möhkəmlənəcək”.
 
Metyu Brayzanın sözlərini "Sherg.az" a şərh edən politoloq Elçin Xalidbəyli bildirib ki, ABŞ hazırda özünün Cənubi Qafqaz siyasətini məhz Ermənistan üzərindən qurmağa çalışır:
 "İndi Ağ Ev Ermənistanın maraqlarına uyğun davranmağa üstünlük verir və bununla da rəsmi İrəvanın Rusiya əleyhinə fəaliyyətini gücləndirmək məqsədi güdür. Yəni, əslində, Ermənistanın gələcək taleyi ABŞ siyasi dairələri üçün xüsusi önəm daşımır. ABŞ öz hədəflərinə uyğun gəldiyi müddətdə Ermənistandan istifadə edəcək, sonra isə bir kənara atacaq".

E. Xalidbəyli digər  önəmli məqamın ABŞın Ermənistandan geopolitik alət kimi istifadə etmək üçün Azərbaycanın maraqlarını zərbə altında qoymağa çalışması olduğunu vurğulayıb:
 "Bu rəsmi Bakı üçün tamamilə qəbuledilməzdir. ABŞ Konqresində "erməniləri müdafiə sənədi" və 907-ci düzəlişin yenidən qüvvəyə mindirilməsi Azərbaycan-ABŞ münasibətlərini tamamilə korlaya biləcək faktorlardır. Ona görə də, rəsmi Bakının yaxın vaxtlarda ABŞ və Qərbin vasitəçilik platformalarında sülh danışıqlarına razılıq verəcəyi qətiyyən inandırıcı görünmür. Bu baxımdan, ilin sonuna qədər yekun sülh sazişinin imzalanmasının mümkün olması barədə iddialar reallıqdan uzaqdır. Hazırda Cənubi Qafqazda sülh prosesinə ABŞ, Fransa və Avropa Birliyi ciddi şəkildə əngəl törədirlər. Ermənistan ABŞ, Fransa və Avropa Birliyinin ortaq icazəsi olmadan Azərbaycan ilə yekun sülh sazişini imzalamağa qətiyyən cəsarət etməz. Bütün bunlar onu göstərir ki, sülh prosesi üzrə Qərb platformaları hazırda böhran keçirərək, dalana dirənib. Bu səbəbdən də, rəsmi Bakının ABŞ və Qərbdən müvəqqəti də olsa, məsafə saxlamağa üstünlük verməsi tamamilə doğru mövqedir".