İraqla Azərbaycan tarixi bağlılıqları olan ölkələrdir-ŞƏRH

Noyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid ilə təkbətək görüşü keçirilib.
 Dövlət başçısı İraq Prezidentinin Qoşulmama Hərəkatının Zirvə toplantısı çərçivəsində Azərbaycana səfərini və keçirdikləri görüşü məmnuniyyətlə xatırladı. İraq Prezidentinin ölkəmizə ilk dəfə rəsmi səfərə gəlməsindən məmnunluğunu bildirən Prezident İlham Əliyev bu səfərin və səfər zamanı aparılacaq müzakirələrin ölkələrimiz arasında əlaqələrin daha da inkişafına mühüm töhfə verəcəyinə əminliyini ifadə etdi.
Dövlət başçısı İqtisadi-ticari, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın yaxın vaxtlarda İraqda iclasının keçiriləcəyini və onun iqtisadi-ticari əlaqələrin daha da genişlənəcəyində mühüm rol oynayacağını dedi.
İraq Prezidenti Azərbaycan ilə əlaqələrin daha da inkişafında əzmli olduqlarını vurğuladı, səfər çərçivəsində imzalanacaq sənədlərin əlaqələrimizin genişlənməsinə böyük töhfə verəcəyini bildirdi.
Görüşdə ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birinin mövqelərini dəstəklədiyi məmnunluqla vurğulandı, Azərbaycanın və İraqın işğaldan əziyyət çəkdiyi, amma bu vəziyyətin keçmişdə qaldığı qeyd edildi.
Söhbət zamanı ölkələrimiz arasında iqtisadiyyat, energetika, mədəniyyət, elm, təhsil və turizm sahələrində əməkdaşlıq məsələlərinin inkişafı üçün əlverişli imkanların olduğu bildirildi.

Səfəri “Sherg.az”a şərh edən siyasi şərhçi  Turab Rzayev bildirib ki, Azərbaycanla İraq dövlətləri Sovet İttifaqı dövründən çox yaxın münasibətləri olan iki ölkədirlər:

“Həmin zamanlardan bu günə qədər sözü gedən ölkələr arasında mədəni və iqtisadi əməkdaşlıqlar davam etməkdədir. Bu əlaqələrdə İraqda yaşayan türkmən soydaşlarımızın da böyük rolu var. İndiki səfərdə isə ikili münasibətlərin tənzimlənməsinə yönələn müəyyən məsələlər gündəmdədir. İraq Azərbaycana gələn turistlərin  sayında ön pillələrdən birində qərarlaşıb. Əlbəttə ki, ölkələr arasında turizm  sektorunun inkişafı əsas müzakirə predmetlərindən biridir.  Bu  fonda hava nəqliyyatı ilə bağlı  yeni razılaşmalar əldə olunub. Yəqin ki, İraqdan Bakıya olan reyslərin sayında müəyyən artımların şahidi olacağıq. Bundan başqa iki ölkə arasındakı iqtisadi münasibətlərin təkmilləşməsi istiqamətində qarşılıqlı razılaşmalar baş tutacaq. Çünki İraq ilə Azərbaycan arasında xüsusilə qida ixracında böyük mübadilə var. İstənilən halda İraqla Azərbaycan tarixi bağlılıqları olan ölkələrdir. Bu səfər iki ölkə arasındakı münasibətlərin yenilənməsinə və iki xalq arasında münasibətlərin daha da inkişaf etməsinə hesablanmış addımdır”.