Həm Moskva, həm də Kiyev müharibəni uduzub
“Nəticə üçün ciddi dəyişikliklərə ehtiyac var”. Bunu Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində deyib.
O, Ukrayna ordusunun əməliyyatlarında sürətli dəyişiklikləri tələb edib: “Cəld hərəkətə keçmək lazımdır”.
V. Zelenskinin sözlərinə görə, yaralı hərbçilərə tibbi yardımın göstərilməsində əsaslı dəyişikliklərə ehtiyac var.
Dövlət başçısı general-mayor Tetiana Ostaşenkonu Silahlı Qüvvələrin Tibb Qüvvələrinin komandiri vəzifəsindən azad edib. Bu vəzifəyə general-mayor Anatoli Kazmirçuk təyin olunub.
Nəşr yazıb ki, Ukraynanın Baş komandanı, general Valeri Zalujniy bu ay Ukraynanın Rusiya ordusu ilə mübarizə aparmaq üçün daha təkmil texnologiyaya ehtiyacı olduğunu bildirib.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyunundan əks-hücum əməliyyatları keçirir. Rəsmi Kiyevin mövqeyin görə, Ukraynanın ərazi bütövlüyü tam bərpa olunmadan savaş başa çatmayacaq. V. Zelenski daha əvvəl söyləmişdi ki, Qərbin dəstəyi olmasa, Ukrayna geri çəkiləcək.
Ukraynanın qalib gələcəyinə dair ehtimalların hər gün azaldığını deyən siyasi şərhçi Kənan Novruzov "Sherg.az"a bildirib ki, savaşın yeganə qalibi Qərb olacaq:
"Yəni həm Moskva, həm də Kiyev müharibəni uduzub. Proseslər Qərbin maraqlarına uyğun irəliləyir. Qərb öz strateji maraqlarını nəzərə alaraq proseslərə yön verməyə çalışır. Zaman-zaman Ukraynaya hərbi dəstəyin artıb-azalması da bu kontekstdən qiymətləndirilməlidir".
Analitik əlavə edib ki, Ukraynaya dəstək məsələsində Avropa İttifaqı və ABŞ arasında fikir ayrılıqları yaranıb:
"Hətta ABŞ-nin özündə də Prezidentlə Dövlət Departamenti arasındakı fikirlər ziddiyyətlidir. Bəlkə də Aİ Ukraynanı sonuna qədər dəstəkləməyə hazır idi, amma Amerika yox. Çünki rəsmi Vaşinqtonu ancaq öz ambisiyaları düşündürür. Belə davam edərsə, Ukrayna da Gürcüstan kimi yarı yolda qoyulacaq. Bunlar isə Ukrayna hərbi-siyasi elitasında gərginliyə səbəb olur. Yəni Kiyev "günah keçisi" axtarmağa başlayıb. Hətta bir müddət qabaq Ukraynanın Baş Qərərgah rəisi müharibənin dalana dirəndiyini demişdi. Sonradan isə fikir Zelenski tərəfindən təkzib edildi. Bu isə başa düşüləndir. Çünki o ölkə başçısı olaraq pozitiv auranı qorumalıdır. Eyni zamanda Ukrayna Prezident Ofisinin keçmiş müşaviri Aleksey Arostoviç də vəziyyətin yaxşı olmadığına dair bəyanatlar səsləndirmişdi. Nəzərə almaq lazımdır ki, o da hərbçidir. Ümumiyyətlə düşünürəm ki, Ukraynada "günah keçisi axtarmaq" prosesi davam edəcək və gələcəkdə bir neçə şəxsin istefaya göndərilməsi mümkündür. Həmçinin uzaq perspektivdə Zelenskinin də hakimiyyətdən uzaqlaşdırılması və yerinə Valeri Zalujniyın gəlməsi ehtimalı var. Hətta belə davam edərsə, Ukraynada hərbi çevriliş də istisna olunmur".