Kremldən İrəvana mesaj: Rusiya sərt üzünü göstərir?

Rusiya XİN Ermənistanın KTMT sammitində iştirak etməmək qərarına münasibət bildirib

Ermənistanın Minskdə keçiriləcək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Sammitində iştirak etməmək qərarı təəssüf doğursa da, qapılar açıqdır.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinq zamanı deyib.
“Biz inanmırıq ki, bu qərar erməni xalqının uzunmüddətli maraqlarına cavab verir və dost ölkənin təhlükəsizliyinin, sabitliyinin möhkəmlənməsinə töhfə versin.
Eyni zamanda, biz anlayırıq ki, erməni həmkarlarımız təşkilatın nizamnamə orqanlarının işini əngəlləmək və ya artıq razılaşdırılmış sənədlərin təsdiqinə mane olmaq niyyətində deyillər”, - Zaxarova qeyd edib.
O vurğulayıb ki, bu, İrəvan üçün açıq qapılar qoyur və Ermənistana gələcəkdə KTMT-nin fəaliyyətinə qoşulmağa imkan verir.

Mövzu ilə bağlı "Sherg.az" a açıqlama verən  politoloq Aytən Qurbanova bildirib ki, Rusiya heç vaxt Ermənistanın öz çətiri altından çıxmasına icazə verməyəcək:

"İndiki mərhələdə Rusiyanın əsas hədəfi Ermənistanın qərbyönümlü siyasətinə görə Paşinyan administrasiyasını cəzalandırmaqdan daha çox regiona nüfuz etmək istəyən yeni aktorların məqsədlərinə çatmasına mane olmaqdır. Ona görə də, bütün mümkün platformalarda belə bəyanatlar fonunda Ermənistana lazımi mesajlar verilir. Amma onu da unutmamaq lazımdır ki, belə “yumşaq” münasibət indiki şəraitdə Rusiya üçün ilkin hədəf olsa da, Ermənistanın gələcək zaman kəsiyində Rusiyanın “sərt” simasını da görəcəyi ehtimalı istisna edilmir".