Macar nazir: Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasını dəstəkləyirik

Biz Azərbaycan və Macarıstan hökumətləri arasında əldə edilən razılaşma əsasında Cəbrayıl rayonunun Soltanlı yaşayış məntəqəsində Macarıstan şirkətləri tərəfindən yenidənqurma işlərinin aparılacağını bəyan etməkdən çox şadıq.
APA xəbər verir ki, Macarıstanın xarici işlər və ticarət naziri Piter Siyarto Cəbrayılın Soltanlı kəndinin təməlqoyma mərasimində çıxışında belə deyib.
O, tikinti işlərini həyata keçirəcək şirkət tərəfindən planlaşdırma işlərinin tamamlandığını və bu şirkətlərin artıq ən qısa zamanda tikinti işlərinə başlamağa hazır olduğunu bəyan edib.

Nazir vurğulayıb ki, təxminən 5-6 min nəfərin Soltanlı kəndinə qayıtması üçün yaşayış evləri, icma binaları, xəstəxanalar, məktəblər, bağçalar, idman obyektləri tikiləcək.

Siyarto macar və Azərbaycan xalqlarının sülhsevər xalqlar olduğunu vurğulayıb.

Nazir əlavə edib ki, Macarıstan bölgə xalqlarının sülh içində yaşayışının təmin edilməsi naminə Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasını dəstəkləyir.