Politoloq: Rusiya ilə qarşıdurmaya getmək Paşinyan hakimiyyətinə baha başa gələ bilər

Erməni sosioloq Karen Sərkisyan Rusiyanı Ermənistandan qovmağı təklif edib.
O, Rusiyanı Ermənistana qarşı hibrid müharibə aparmaqda ittiham edib.
“Fikrimcə, Rusiyanı Ermənistandan süpürgə ilə qovmalıyıq. Əməkdaşlığı bitirmək, rus telekanallarını ləğv etmək, rus məktəblərini bağlamaq, bizə göndərdikləri kitablarını kubik halına salıb elə qovduğumuz ruslar vasitəsilə ölkələrinə göndərmək lazımdır. Konsulluq açmaqlarına imkan verməməliyik, sərhədçilərini, Rusiyadan gəlib burada sinaqoqu yandırmağa cəhd edən əclafları qovmalıyıq. Onları döymək lazımdır ki, yaxın 100 il ərzində Ermənistanı xatırlayarkən kəkələsinlər. Rusiya Ermənistandan abidələri ilə birgə qovulmalıdır!” – Karen Sərkisyan bildirib.

Erməni sosioloqun fikirlərini “Sherg.az”a şərh edən politoloq Elçin Xalidbəyli bildirib ki, Ermənistan hakimiyyəti ABŞ  başda olmaqla Qərbdən Rusiya əlehinə sifarişlər və təlimatlar alır:

“Avropa Birliyi Ermənistanı Rusiyaya qarşı Cənubi Qafqazdakı  forpostuna çevirməyə başlayıb. Paşinyan hakimiyyətinin əsas siyasi xətti tərəfdaşlıq münasibətlərinin vektorunu Qərbə doğru dəyişməkdən ibarətdir. Bu istiqamətdə fəaliyyət geniş şəkildə başlayıb. Artıq Son bir neçə aydır Paşinyan hakimiyyətinin təmsilçilərinin heç biri Rusiyanın başçılığı altında keçirilən  tədbirlərdə iştirak etməyiblər. KTMT-nin son toplantılarında Ermənistanın iştirak etməməsini də buna misal olaraq çəkə bilərik. Hətta Rəsmi İrəvan  KTMT-nin Ermənistana dəstək üçün hazırladığı sənədin də müzakirədən çıxarılmasını xahiş etdi. Bunlar bizə Ermənistanın Rusiyadan üz çevirərək Qərbə doğru meyil etməsini açıq şəkildə söyləməyə imkan verir”. 

Politoloq Paşinyan və komandasına yaxın olan ictimai xadimlərin Ermənistan cəmiyyətində  hakimiyyətin xarici siyasətinin doğru olduğu haqqında rəy yaratmaq  missiyasını öz üzərlərinə götürdüklərini vurğulayıb:
“Karen Sərkisyanın açıqlamaları da bu istiqamətdə atılmış addımlardan biridir. Lakin  erməni politoloqun Rusiyanı Ermənistandan qovmaqla bağlı səsləndirdiyi fikirlər yaxın 10 il ərzində mümkün deyil. Birincisi Rusiya hərbi bazalarının Ermənistandan çıxarılma mexanizmi mövcud deyil. Yəni bu Ermənistanın tək başına verəcəyi qərar deyil. Belə ki, müqaviləyə görə həmin hərbi bazalar 2044-cü ilə qədər Ermənistan ərazisində qalmalıdır. Üstəlik həmin müqavilənin ləğv olunması hüququ Ermənistanda deyil. Rusiya özü istəyərsə, həmin hərbi bazaları rəsmi İrəvandan çıxara bilər. Amma Ermənistan Rusiyanın razılığı olmadan hərbi  bazaları ərazisindən çıxara bilməz”.

 E. Xalidbəyli Ermənistan iqtisadiyyatının da demək olar ki, Rusiyanın özəl və dövlət şirkətlərinin nəzarəti altında olduğunu xatırladıb:
“Paralel olaraq Ermənistan iqtisadiyyatının istehsal etdiyi məhsulların da 55 faizi Rusiya bazarına çıxarılır. Belə olan təqdirdə Rusiyanın Ermənistandan idxalı dayandırması Ermənistan iqtisadiyyatının çökməsi ilə nəticələnəcək. Eyni zamanda Ermənistanın enerji  resuslarına olan ehtiyaclarının tamimilə Rusiya tərəfindən ödənilməsidə heç kəsə sirr deyil. Bu enerji resursları Ermənistana dünya bazarı qiymətlərindən ucuz verilir. Rusiyanı zorla çıxaracaqlarsa, bunun alternativi olmalıdır. Hərkəsə məlumdur ki, Qərb Ermənistanın maliyyə problemlərini kökündən həll etmək niyyətində deyil. Ermənistan 10 milyard borcu olan bir ölkədir. Belə vəziyyətdə Rusiya ilə qarşıdurmaya getmək Paşinyan hakimiyyətinə baha başa gələ bilər”.