Rusiyanın planı: Ukrayna döyüş meydanında tək qalır?

Ukrayanaya dəstək vəd edən bəzi müttəfiqlərimiz dəstəyi heç vaxt reallaşdırmadılar.
Bunu Ukrayna Prezidenti Ofisi rəhbərinin keçmiş müşaviri Aleksey Arestoviç Teleqram kanalında yazıb.
“Əsl məsuliyyət bizə, Ukraynaya söz verib, amma yerinə yetirməyənlərin üzərinə düşür. Onlar bizi atdılar”, - o bildirib.
Arestoviç qeyd edib ki, Ukrayna hakimiyyəti axmaqlığı və korrupsiya ucbatından müttəfiqlərinə Kiyevi “atmaq” üçün çoxlu səbəb verib:
“Onlar Qərb ölkələrinə bu saxtakarlığa haqq qazandırmaq üçün “etibarlı arqumentlər” təqdim edib. Ukrayna son dərəcə qeyri-qənaətbəxş vəziyyətdədir. Ukraynanın təyyarələrə, uzaqmənzilli raketlərə və quru qoşunları üçün təchizatın beş dəfə artırılmasına ehtiyacı var. Kiyevin müttəfiqləri isə Moskva ilə sülh sazişi imzalamağa çalışacaqlar, bunun şərtlərindən biri “dxr”, “lxr”, Xerson və Zaporojye vilayətlərinin Rusiyanın bir hissəsi kimi tanınması olacaq”.

Aristoviçin açıqlamalarını “Sherg.az” a şərh edən  Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov bildirib ki, Qərbin əvvəl də bir neçə dəfə dünyanın müxtəlif coğrafiyalarında bu tip aldatmalar etdiyi hər kəsə məlumdur. 

"Aristoviç, Rusiya Ukrayna müharibəsində də Qərbin söz verdiyi vədləri yerinə yetirməyəcəyini və Ukraynanı döyüş meydanında tək qoyacağını bilirdi. O, məhz bu nüansları öncədən gördüyü üçün istefa verdi. Aristoviç istefasından sonra Zelenskinin və ətrafının söyləyə bilməyəcəyi arqumentləri səsləndirir. Hesab edirəm ki, səsləndirdiyi açıqlamalardan  bəziləri onun öz düşüncələri olsada,  rəsmi Kiyevlə Aristoviçin mənəvi əlaqələri tam bitməyib və bu fonda Ukrayna rəhbərliyindən gələn fikirləri də publikaya ötürməklə məşğuldur”. 

T.İsmayılov  baş verən hadisələrdə yenilik və təcüblənəcək heçnəyin olmadığını vurğulayıb:
 “Hazırda Fransa və digər Qərbi Avropa ölkələri Ukraynanı Rusiyanın işğal etdiyi əraziləri güzəştə getməklə təhdid edir. Əslində Ukraynadan əsas tələb Rusiyanın işğal etdiyi bölgələrdə onların yuristiksiyasının rəsmi Kiyev tərəfindən tanınmasıdır.  Qərbin bu çağrışlarına rəğmən Ukrayna hələ ki, dirəniş göstərməyə çalışır. Amma Ukrayna  indiki məqamda Qərbdən istənilən səviyyədə yardım ala bilmir. Eyni zamanda Rusiyaya qarşı tətbiq olunan sanksiyalar Kremli çökdürmür. Çünki  Rəsmi Moskva müharibəyə başlamazdan öncə Avropanın və ABŞ-ın hansı həddə qədər gedəcəyini düzgün planlaşdırmışdı. Zaman keçdikcə Qərb yardımları azaldacaq. Bütüb bunların fonunda sonda Ukrayna döyüş meydanında tək qala bilər”.