Qərbdən Şərqə keçən güc balansı: Rusiya TDT-yə üzv olur?

Rusiya Federasiyası Türk Dövlətləri Təşkilatına (TDT) üzv olmaq üçün dəvət gözləyir. 
Bu barədə Ankaradakı Rusiya Araşdırmaları Mərkəzi məlumat yayıb.
Buna Rusiya daxilində 37 fərqli türk etnik qrupunun olması, türklərin vətəni Altay dağlarının Rusiya ərazisində yerləşməsi, Tatarıstan, Çuvaşıstan, Başqırdıstan kimi böyük etnik türk muxtar respublikalarının varlığı əsas göstərilir.
Moskva 20 milyona yaxın türkün yaşadığı Rusiyanın türk dünyasına Macarıstandan daha yaxın olduğunu düşünür.

Məsələni  "Sherg.az"a şərh edən Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli bildirib ki,  Türk Dövlətləri Təşkilatı potensialına görə iqtisadi mərkəz olaraq dünyanın üçüncü gücü ola bilər:

“Hazırda beynəlxalq münasibətlərdə güc trayektoriyası Qərbdən Şərqə yönəlməkdədir. Çünki Çin, Rusiya və Şərqi Asiya kimi amillər var. Təşkilatın cəlbediciliyinin əsas hissəsi də məhz budur. Eyni zamanda Qərb və Şərqin arasında  türk dünyasının körpü rolunu oynaması, onlar üzərində böyük bir savaşı özü ilə gətirir. Türk dünyası bu savaşda iki toqquşan qütb arasından üçüncü qütb olmaq kimi istifadə edə bilər. Bu mənada TDT bir çox maraqları özündə birləşdirən bir platformadır. Həmçinin milyonlarla türkün Rusiyada yaşandığını nəzərə alsaq  onların sözü gedən təşkilata üzv olması təccüblü olmaz. Hətta gələcəkdə İranın da bu təşkilatın sıralarına qoşulmağ üçün müraciət edəcəyini düşünürəm”.