Fikir ayrılıqları: Görüşlər heç biri nəticə vermir

30 noyabr tarixində Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın beşinci görüşü keçirilib.
Tərəflər delimitasiya məsələlərinin müzakirəsini davam etdirib, bir sıra təşkilati və prosedur məsələləri nəzərdən keçiriblər.
Tərəflər Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiya arasında iclasların və birgə işçi görüşlərin təşkili və keçirilməsi Reqlamentinin mətnini ilkin olaraq razılaşdırıblar.
Tərəflər Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın birgə fəaliyyəti haqqında Əsasnamə layihəsinin razılaşdırılması üzrə işin başlanılması barədə sövdələşiblər, həmçinin komissiyaların görüşlərinin keçirilməsinin intensivləşdirilməsinə dair razılığa gəliblər.
Tərəflər həmçinin Komissiyaların növbəti görüşünün keçirilməsinin tarixi və yerini işçi qaydada müəyyən etmək barədə razılığa gəliblər.

Mövzu ilə bağlı “Sherg.az”a danışan siyasi şərhçi Asif Nərmanlı bildirib ki, rəsmi məlumatlara baxdıqda delmitasiya üzrə komisiyyanın keçirilən iclasında ciddi bir razılaşmanın əldə olunmadığının şahidi oluruq:
 “Bu sayca 5-ci belə görüş idi. Dünən keçirilən görüş və bundan öncə keçirilən görüşlərin heç birində ciddi bir irəliləyiş əldə olunduğu müşahidə olunmur. Bu dəfəki görüşün digərlərindən yeganə  fərqi komissiyaların birgə fəaliyyətinə əsaslanan əsasnamənin yaradılması haqqında razılaşmanın əldə olunmasıdır. Doğrudur, nəzəri olaraq işlər görülür. Amma praktiki olaraq görüşlərin heç biri nəticə vermir”.
 
Siyasi şərhçi proseslərin gedişatını izlədikdə nəticənin əldə olunacağı da inandırıc görsənmədiyini vurğulayıb:
“Çünki tərəflər arasında ciddi fikir ayrılıqları var. Ermənistan tərəfi proseslərdən maksimum şəkildə qazanclı çıxmağa çalışır. Azərbaycanın 8 kəndi hələ də təhvil verilməyib. Ermənistan  8 kənd  və otlaq adı altında onlara verilmiş tarixi Azərbaycan torpaqlarını qaytarmamaq üçün prosesləri uzatmağa cəhd göstərir. İrəvan hakimiyyəti SSRİ dağılarkən müəyyənləşmiş xəttlərlə xəritə formalaşdırmaq tərəfdarıdır. Azərbaycan tərəfi isə bunu qəbul etmir. Çünki Azərbaycan tərəfin maraqlarına uyğun deyil.  Məsələnin həlli üçün 8 kənd və otlaq adı altında verilən torpaqlar qaytarılmalıdır. Azərbaycanın Ermənistan dövləti ilə heç bir ərazi iddiyası yoxdur. Sadəcə tarixi torpaqlarının tam bərpasını istəyirlər”.