"3+3": Rusiya bu formata niyə maraqlıdır?

Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılan regional “3+3” platforması getdikcə daha perspektivli olur.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada azərbaycanlı həmkarı Ceyhun Bayramovla ikitərəfli görüşdə deyib.
“Prezident İlham Əliyevin Cənubi Qafqaz üzrə “3+3” regional platformasının formalaşdırılması təşəbbüsü artıq formalaşır, bu, həm də perspektivli formatdır. Bu istiqamətdə gələcək addımlar barədə qiymətləndirmələrinizi eşitməyə şad olaram”, - o qeyd edib

Mövzu ilə bağlı “Sherg.az”a danışan siyasi şərhçi Turab Rzayev bildirib ki, "3+3" formatı regional bir platformadır və bunda bölgə ölkələri arasında ən çox istəkli olan Rusiyadır: 
“3+3" platformasında  regionun bütün problemlərinin 6 ölkənin  qaarşılıqlı münasibətləri əsasında həll olunması nəzərdə tutulub. Bölgəyə heç bir kənar müdaxilə  olmur. Bu əlbəttə ki, Rusiyanın istəkləri ilə uzlaşır. Rusiya heç bir zaman ABŞ və Avropa ölkələrinin regiona təsirlərini istəməyib. Həmçinin "3+3"  İranın da maraqlarına uyğun bir formatdır”. 

T. Rzayev platformanın Qərbin planlarına uyğun gəlmədiyi üçün Ermənistan və Gürcüstana təzyiqlər olduğunu vurğulayıb: 
“Belə olan halda sözü gedən iki dövlətin "3+3" platformasından uzaqlaşmasının şahidi oluruq. Xüsusilədə Gürcüstan Avropa İttifaqına inteqrasiya üçün bacardıqca bu formatdan uzaq durmağa çalışır. Ermənistan isə bölgəyə Qərbi gətirməkdə maraqlıdır, onlar öz ərazilərindən Rusiyanın hərbi bazasını çıxarmağa çalışır”.