Analitik: İrəvan Vaşinqton və Bakını düşmən etməyə çalışır

ABŞ Dövlət Departamentinin nümayəndəsi Miller bildirib ki, Vaşinqton Bakı ilə əlaqələrini heç vaxt dayandırmayıb, eyni zamanda, İrəvanla da birbaşa əlaqə saxlayır. Bu bəyanat bəzi qərbpərəstlərin təbliğatını puç etdi.
Bunu erməni politoloq Suren Surenyants deyib.
“Əlbəttə ki, Miller heç bir sirr açmadı, sadəcə, bizim qərbpərəstlər həftələrdir ki, Vaşinqtonun Bakı ilə təmaslarını dayandırdığını deyib, ABŞ-ın ermənipərəst mövqeyi ilə bağlı əfsanələr yaradırlar”, - o bildirib.

Mövzu ilə bağlı “Sherg.az”a danışan hərbi-siyasi ekspert Həşim Səhrablı bildirib ki, bu fikirlərin obyektiv  olmadığını düşünür:
“Suren Surenyantsın açıqlamalarından Ermənistanda mövcud olan bloklardan Rusiyanı təmsil etdiyi qənaətinə gəlmək olar. O, siyasətə həmin çərçivədən baxaraq fəaliyyət göstərir. ABŞ hazırda Ermənistana dəstək verən və onun təhlükəsizliyi üçün fəal xidmət göstərən ölkələrdən biridir. Bu Amerikanın erməni xalqına olan sevgisindən irəli gəlməsə də, hazırda İrəvan hakimiyyətinə sərf edən vəziyyətdir. ABŞ xüsusilə Paşinyan hakimiyyətinin iktidardan getməsini əngəlləməyə çalışır. Rəsmi Vaşiqtonun Cənubi Qafqaza daxil olmaq və burada nüfuzunu artırmaq istəyi var. Bunun üçün regiondakı bütün ölkələrlə yaxşı münasibətlər qurmağa çalışır. Xüsusilə bölgədəki əsas ölkələrdən biri olan Azərbaycan dövləti ilə əlaqələr daha ön plana çıxır”. 

H. Səhrablı Amerika və Ermənistan arasındakı əlaqələrin media tərəfindən şişirdildiyini vurğulayıb:
 “Xüsusən Ermənistandakı Qərbyönümlü qüvvələr özlərini ABŞ-lə isti əlaqələr qura bilən siyasətçi kimi göstərmək üçün mediadan manipulyasiya vasitəsi kimi istifadə etdilər. Paşinyan iqtidarı Qərbi Ermənistanın müttəfiqinə çevirmək istəyir. Buda təbii ki, rəsmi Vaşiqtonda xoş qarşılanır. Hazırda iki dövlət arasındakı əlaqələrin son illərə baxdıqda ən yaxşı vəziyyət olması müşahidə olunur. Lakin Ermənistan nə qədər çalışsada ABŞ-ni Azərbaycanın düşməninə çevirə bilmir. Amerika hər zaman öz mənfəətini güdür və Cənubi Qafqaz üçün Azərbaycanla olan münasibətlərin tamamilə pozulması onlara sərf etmir”.