Britaniya ilə bu sahədə razılıq əldə olunub

Mina fəaliyyəti və itkin düşmüş vətəndaşların müəyyən edilməsi sahəsində Azərbaycanla Böyük Britaniya arasında əməkdaşlıqla bağlı razılıq əldə olunub.
Bu barədə “APA-Economics” Bakıda keçirilən Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 6-cı iclasının protokoluna istinadən xəbər verir.
Bundan başqa, protokolda qeyd olunub ki, Birləşmiş Krallıq mina qurbanlarının tibbi reabilitasiyası üzrə bilik və təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır.
Protokolda həmçinin, Azərbaycanın mina və müharibənin digər partlayıcı qalıqlarından təmizlənməsi üçün mükəmməl beynəlxalq mərkəzə çevrilməsinə dəstək göstərilməsi, itkin düşmüş şəxslərin müəyyən edilməsi üzrə Birləşmiş Krallığın təcrübəsini (və nou-hau) əldə etmək üçün əməkdaşlığın araşdırılması məsələləri də əksini tapıb.
Qeyd edək ki, dekabrın 7-də Bakıda Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 6-cı iclası keçirilib.