ABŞ-nin yolda qoyan siyasəti: Ukrayna uçuruma gedir?

Zelenskinin Ağ Evə təvazökar səfəri hazırda Konqresdəki istəksiz respublikaçılardan Ukraynaya yardım almaq səylərini əhatə edən işgüzar xarakteri və bədbinliyi əks etdirir. Cəmi 3 ay əvvəl Ukrayna Prezidentinin korteji əsas girişə yaxınlaşanda əllərində bayraq tutan hərbi geyimli əsgərlər qırmızı xalça üzərində dayanmışdılar. Bayden və birinci xanım Cill Bayden Zelenski və həyat yoldaşı Yelena Zelenskayanı qarşılayıb, foto da çəkdirmişdi.
Bu barədə CNN telekanalı məlumat yayıb.
“Bu dəfə isə Zelenskinin qara rəngli yolsuzluq avtomobili Ağ Evin qərb qanadının daha az təntənəli girişinə qədər gəldi. Prezident administrasiyasının üzvü onu minimal təmtəraqla qarşıladı. Bayden isə ümumiyyətlə onu qarşılamağa çıxmadı”, - məlumatda deyilir.

Mövzu ilə bağlı “Sherg.az”a danışan Ağ  Partiyanın sədr müavini, politoloq Əhəd Məmmədli Qərbin təməli quruluşunun praqmatiklik olduğunu bildirib:  

“ABŞ -də bu gün səni alqışlayıb, sabah heçnə olmamış kimi daş-qalağa tuta bilərlər. Amerika sizi öz işinə yaradığınız müddətə qədər dəstəkləyir. Zelenski gedişatın belə olacağını bilməli idi. Çünki ABŞ-nin ilk dəfəsi deyil ki, belə davranışlar etsin. Ukrayna dövlətinə, xalqına görə çox təssüflənirəm. Onlar bir serialın təsirində qalıb onun qəhrəmanını özünə prezident seçdi və ölkə uçuruma doğru gedir. Zelenskinin ötən səfərindən keçən bu üç ay ərzində bir çox şey dəyişib. Buna əsas səbəb Ukraynanın döyüş meydanında əldə etdiyi uğursuzluqlardır. Ukrayna davamlı şəkildə yardım, dəstək gözləyir və uğursuzluqlara düçar olur. ABŞ artıq onların qələbəsinə inanmır. Bu səbəbdən Zelenski və hakimiyyətinə qarşı mövqeyi dəyişib”.