Mən Çin ilə Azərbaycan arasında münasibətlərin inkişafına böyük əhəmiyyət verirəm, ölkələrimizin və xalqlarımızın rifahı naminə ikitərəfli dostluq və əməkdaşlıq münasibətlərini yeni səviyyəyə yüksəltmək üçün Sizinlə birgə səylərimi davam etdirməyə hazıram.
Bu barədə Çin Xalq Respublikasının Sədri Si Cinpinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubunda deyilir.
O qeyd edib ki, Çin və Azərbaycan ənənəvi dost tərəfdaşlardır: "Hazırda Çin-Azərbaycan münasibətləri çox yaxşı və sabit inkişaf edir, siyasi qarşılıqlı etimad daim möhkəmlənir, müxtəlif sahələrdə əməkdaşlıq müvəffəqiyyətlə irəliləyir".
Məsələ ilə bağlı "Sherg.az"a danışan siyasi şərhçi Turab Rzayev vurğulayıb ki, Çin ilə Azərbaycan arasında 30 ildir çox möhkəm iqtisadi münasibətlər formalaşıb:
"Azərbaycan müstəqilliyini elan etdiyi dövrdən etibarən balanslı siyasətə önəm verməyə başladı. Xüsusən də 2000-ci illərdən etibarən sözügedən siyasət xətti daha da gücləndirildi. Yəni həm Şərq, həm də Qərb ölkələrini ilə iqtisadi-siyasi əlaqələrə yer verildi. Həmçinin sadəcə Rusiya və ABŞ arasında qalmamaq üçün xarici siyasətdə yeni ölkələrlə münasibətlərin qurulmasına start verildi. Bu ölkələrdən biri də Çindir. Rəsmi Pekin bizim üçün iqtisadi mənada əhəmiyyət kəsb edir. Çünki Çin Azərbaycana ixrac olunan malların böyük hissəsinin təminatçısıdır. Qərbin təklif etdiyi məhsulların daha ucuz və əlçatan versiyasi Çində olduğu üçün o Azərbaycan bazarına rahatlıqla ayaq aça bildi. Ümumiyyətlə Çin texnoloji avadanlıqlar baxımından Qərblə rəqib olmağı başlayıb. Xüsusilə son illərdə artıq Azərbaycanın avtomobil bazarındakı elektrik maşınları seqmentini Çin doldurur. Ona görə də iki ölkə arasındakı iqtisadi münasibətlər inkişaf edən xətt üzrə hərəkətdədir".
Analitik əlavə edib ki, Bakı və Pekin arasındakı iqtisadi əlaqələr son beş il ərzində daha da güclənib:
"Bunda Azərbaycan Prezidenti və çinli rəsmilərin qarşılıqlı səfərləri, həmçinin imzalanmış müqavilələrin böyük rolu var. Digər tərəfdən Çin və Azərbaycanın ortaq iqtisadi maraqları da mövcuddur. Azərbaycan çinli sərmayədarların investisiya qoymasında, Çin isə Azərbaycana məhsul satmaqda maraqlıdır. Eyni zamanda rəsmi Bakı və Pekini birləşdirən digər bir məsələ isə "Bir zolaq, bir yol" layihəsidir. Çin lideri bu layihəni şəxsi ideyası hesab edir. Layihə Çindən dünyaya gedən kommunikasiya xətləri vasitəsilə məhsulların daşınmasında rol oynamalıdır. Burada isə Azərbaycan xüsusi rol oynayır. Bakı bu istiqamətdə addımlar ataraq Xəzər dənizində limanları artırır və yeniləyir. Digər tərəfdən Azərbaycanın israrla qurduğu və maliyyə xərclədiyi "Orta dəhliz"in dövriyyəsi artır. Bu dəhliz türk ölkələri arasındakı əməkdaşlığın genişləndirilməsinə də səbəb olub. Bununla Azərbaycandan birbaşa Orta Asiyaya və Çinə daşınmalar olunur. Digər tərəfdən Çinin ərazi problemi var. Çin Tayvanı özünü bir hissəsi hesab edir. Tayvan isə müstəqil olduğunu bildirir. Həmin məsələdə də Azərbaycan Çinə dəstək verərək, onun ərazi bütövlüyünü tanıyır. Ona görə də düşünürəm ki, önümüzdəki zaman kəsiyində rəsmi Pekin və Bakı arasındakı münasibətlər inkişaf etməyə davam edəcək".